Lukaşenko belarusluları kənd evləri almağa çağırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə vətəndaşlarını kənd yerlərində boş qalan ev və torpaq sahələrini daha fəal almağa çağırıb.
Belarusun “BelTA” agentliyinin məlumatına görə, Lukaşenko kənd sakinlərinin mallarla təmin olunması məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı “izbinq”in inkişafından danışıb.
Prezident bildirib ki, Belarusda aqroşəhərciklərin və iri kəndlərin inkişafı davam etdirilir, yollar təmir olunur, ticarət infrastrukturu təkmilləşdirilir. Onun sözlərinə görə, kiçik kəndlər isə zamanla “izbinq”in inkişafı hesabına yeni formata keçə bilər.
Lukaşenko şəhər sakinlərini uzun müddətdir kənd yerlərində ev almağa çağırdığını xatırladıb. O bildirib ki, belə evlər şəhərin səs-küyündən uzaqlaşmaq, torpaqla məşğul olmaq və uşaqlarla vaxt keçirmək üçün əlverişlidir.
Belarus lideri qeyd edib ki, rusiyalılar onun bu çağırışına daha çox diqqət yetiriblər və ölkənin kənd yerlərində torpaq sahələri və boş evlər almağa başlayıblar.
“Rusiyalılar Batkanın çağırışını eşidiblər: bu torpaq sahələrini alırlar. Boş evləri də alır, təmir edir, qaydaya salır, bəzən isə sökürlər. Belaruslular isə məni eşitmirlər”, – Lukaşenko deyib.
O, belarusluları gecikməməyə çağıraraq xəbərdarlıq edib ki, gələcəkdə kənd yerlərində daşınmaz əmlak almaq üçün imkanlar daha məhdud ola bilər.
Lukaşenko Vileyski rayonunun sakinləri ilə görüşündə də kənddə ev və torpaq sahəsinə sahib olmağın üstünlüklərindən danışıb. Onun sözlərinə görə, belə məkanlar uşaqların və nəvələrin təbiətlə daha çox təmasda olması üçün imkan yaradır.
Qeyd edək ki, “izbinq” (“избинг”) son illərdə şəhər sakinlərinin kənd yerlərində ev və ya bağ evi alaraq burada istirahət etməsi, təbiətlə iç-içə yaşaması və kənd həyatından yararlanması tendensiyasını ifadə edən qeyri-rəsmi termindir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.