İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır.
Bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbuat konfransında bildirib.
"Omanla Hörmüz boğazının idarə edilməsinin hüquqi mexanizmi və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir. Biz razılaşmaya çox yaxınıq, lakin boğazın açılması ABŞ-nin İslamabad memorandumu ilə bağlı yol verdiyi pozuntuların nəticələrinin aradan qaldırılması da daxil olmaqla digər şərtlərdən asılıdır", - o deyib.
Əraqçinin sözlərinə görə, daha əvvəl qüvvədə olan gəmilərin hərəkətinin ayrılması sistemi artıq İranı qane etmir. Əhəmiyyətli texniki və hüquqi çətinliklərlə müşayiət olunan yeni sxemin hazırlanması zəruridir.
"Bu çətinliklər nəzərə alınmaqla, hazırda müvəqqəti marşrut müzakirə olunur. O, yeni daimi sxem razılaşdırılana qədər fəaliyyət göstərəcək və onun əsasına çevriləcək. İran və Omanın hərbi və hərbi dəniz nümayəndələri mövcud xəritələr əsasında danışıqlar aparıblar. Bu danışıqlara yekun vurulduqdan sonra yeni marşrut müəyyən ediləcək", - nazir qeyd edib.
Əraqçi həmçinin ABŞ-ni İslamabad memorandumunu pozmaqda günahlandıraraq bildirib ki, hər belə hal ayrı-ayrılıqda nəzərdən keçirilməlidir.
"İran memorandumun beşinci bəndini yerinə yetirib, buna əsasən bir ay ərzində gəmiçilik adi səviyyəyə qayıtmalı idi. İki həftə ərzində onun intensivliyi normal səviyyənin 60%-nə çatmışdı. Lakin amerikalılar, İranın xəbərdarlıqlarına baxmayaraq, İranın boğazın idarə edilməsindəki rolunu şübhə altına almağa çalışaraq, Hörmüz boğazında yeni marşrutların yaradılmasına nail olmağa başladılar. Memorandumun pozulması və bu rolun mübahisələndirilməsi Tehran üçün qətiyyən qəbuledilməzdir", - Əraqçi deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.