Türkiyədə PKK üzvləri üçün məhdud amnistiyanı nəzərdə tutan qanun qəbul edilib

Türkiyə parlamenti Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri üçün məhdud amnistiyanı nəzərdə tutan qanun qəbul edib.
BBC-nin məlumatına görə, sənəd PKK üzvlərinin silahı yerə qoyması və cəmiyyətə reinteqrasiyası ilə bağlı hüquqi mexanizmi müəyyənləşdirir.
Qanuna əsasən, müəyyən kateqoriyaya aid şəxslər barəsində çıxarılmış bəzi hökmlərin icrası dayandırıla, davam edən cinayət araşdırmaları isə törədildiyi iddia olunan əməlin ağırlığından asılı olaraq 5 və ya 10 il müddətinə dondurula bilər.
Bu güzəştlərdən yararlanan şəxslər həmin müddət ərzində yeni hüquq pozuntusu törətməzsə, onlara qarşı cinayət işlərinə xitam veriləcək, daha əvvəl çıxarılmış hökmlər isə ləğv olunacaq.
Qəbul edilən sənəd Ankaranın kürdlərlə təxminən dörd onillikdir davam edən münaqişəyə son qoyulması istiqamətində atdığı ilk qanunvericilik addımı kimi qiymətləndirilir. Münaqişə nəticəsində on minlərlə insan həyatını itirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.