Tramp Ağ Evdə 900 milyon dollarlıq yenidənqurma layihəsi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işlərinə ən azı 900 milyon dollar xərcləməyi planlaşdırır. Bu barədə “The Washington Post” araşdırdığı sənədlərə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, layihələrin ümumi dəyəri ən azı 927 milyon dollar təşkil edə bilər. Planlara Ağ Evin Şərq qanadında yeni bal zalının tikilməsi, Lafayet meydanının yenidən qurulması, helikopter meydançasının, ziyarətçilər üçün yeni təhlükəsizlik yoxlama mərkəzinin və digər obyektlərin inşası daxildir.
Layihənin əsas hissəsi olan bal zalının tikintisinin təxminən 600 milyon dollara başa gələcəyi bildirilir. Tramp dəfələrlə bu layihənin özəl ianələr hesabına maliyyələşdiriləcəyini açıqlasa da, qəzetin araşdırmasına görə, xərclərin əhəmiyyətli hissəsinin vergi ödəyicilərinin üzərinə düşməsi mümkündür.
Məlumata əsasən, Trampın Ağ Evə qayıtmasından sonra “Ağ Evin təmiri və bərpası” hesabına 875 milyon dollar köçürülüb. Halbuki əvvəlki illərdə Konqres bu hesaba ildə orta hesabla təxminən 2,5 milyon dollar ayırıb.
Məbləğin təxminən 500 milyon dolları ABŞ Məxfi Xidməti və Ağ Evin Hərbi İdarəsinin hesablarından köçürülüb. Daha 305 milyon dollar özəl ianələrdən daxil olub. Təxminən 70 milyon dolların mənbəyi isə araşdırılan sənədlərdə göstərilməyib.
Xüsusilə Məxfi Xidmətin hesabından köçürülən vəsait qanunvericilər arasında narahatlıq yaradıb. Belə ki, təxminən 415 milyon dollar iyun ayında Ağ Evin tikinti layihələri üçün ayrılıb. Bu vəsaitin bir hissəsi ilkin olaraq Məxfi Xidmət üçün əməkdaşların işə götürülməsi və hazırlanmasına nəzərdə tutulmuşdu.
ABŞ Konqresində hər iki partiyanın bəzi nümayəndələri bu vəsaitlərin Ağ Evdə tikinti işlərinə yönəldilməsinin hüquqi əsaslarını sual altına alıblar. Tramp administrasiyası isə xərclərin vəsaitlərin ilkin təyinatına uyğun olduğunu bildirir.
Bundan başqa, federal apellyasiya məhkəməsi Ağ Evdə bal zalının tikintisinin davam etdirilməsi üçün administrasiyanın Konqresin razılığını almalı olduğuna qərar verib. Tramp isə bu qərardan şikayət vermək niyyətində olduğunu açıqlayıb.
Məhkəmə qərarında qeyd olunub ki, Ağ Ev ərazisində tikinti və söküntü işlərinin tənzimlənməsi ilə bağlı müstəsna səlahiyyət Konqresə məxsusdur.
Tarixçilərin fikrincə, Trampın planlaşdırdığı layihə son 80 ildən artıq müddətdə Ağ Evdə həyata keçiriləcək ən böyük yenidənqurma işlərindən biri ola bilər. Layihənin miqyası Franklin Ruzveltin prezidentliyi dövründə aparılmış geniş tikinti işləri ilə müqayisə edilir.
Ekspertlər isə layihənin maliyyələşdirilməsi üsulunu qeyri-adi hesab edirlər. ABŞ Konstitusiyasına əsasən, federal vəsaitlərin bölüşdürülməsi səlahiyyəti Konqresə məxsusdur. Administrasiya ayrılmış vəsaitləri yalnız onların ilkin təyinatı çərçivəsində başqa hesablara yönəldə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.