Rumıniyada Çernavoda AES tam dayandırıldı

Rumıniya Dunay çayında suyun səviyyəsinin rekord dərəcədə aşağı düşməsi səbəbindən Çernavoda Atom Elektrik Stansiyasının hər iki enerji blokunun fəaliyyətini dayandırıb.
İkinci enerji blokunun planlı dayandırılması cümə axşamı səhər başlayıb və saat 11:00 radələrində başa çatıb.
Stansiyanın birinci enerji bloku isə iyulun sonunda dayandırılmışdı. Nəticədə Rumıniya elektrik enerjisi istehsalının təxminən 20 faizini müvəqqəti itirib.
Məlumata görə, AES-in soyutma sistemində Dunay çayının suyundan istifadə olunur. Çayda suyun səviyyəsinin daha da aşağı düşməsi stansiyanın təhlükəsiz istismarını çətinləşdirib.
Rumıniyanın Energetika Nazirliyi ölkənin enerji sisteminin sabit qaldığını açıqlayıb. Pik istehlak saatlarında elektrik enerjisi idxalının 2,3 min meqavata çata biləcəyi bildirilir. Ölkənin mövcud sərhədlərarası idxal gücü isə təxminən 4 min meqavatdır. Cümə axşamı maksimum elektrik tələbatının 6,9 min meqavat olacağı gözlənilir.
Elektrik çatışmazlığının qarşısını almaq üçün hakimiyyət əlavə generasiya güclərini də işə salmağı planlaşdırır. Bu çərçivədə Rovinari istilik elektrik stansiyasının 330 meqavat gücündə dördüncü blokunun yenidən fəaliyyətə qaytarılması nəzərdə tutulur. Hidroelectrica şirkətinin əlavə güclərindən də istifadə oluna bilər.
Çernavoda AES-in nə vaxt yenidən işə düşəcəyi hələ məlum deyil. Mütəxəssislər yaxın 10 gün ərzində stansiyanın fəaliyyətini bərpa etməsinin çətin olduğunu bildirirlər. Buna səbəb Dunayda su səviyyəsinin daha da azalacağının proqnozlaşdırılmasıdır. Hidroloji vəziyyət yaxşılaşdıqdan sonra elektrik enerjisi istehsalının sistemə qaytarılması üçün daha 1-2 gün tələb oluna bilər.
Stansiyanı istismar edən Nuclearelectrica şirkəti bildirib ki, hər iki enerji blokunun dayandırılması təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilib və personal, əhali və ətraf mühit üçün təhlükə yaratmır.
Qeyd edək ki, ikinci enerji blokunun fəaliyyətini davam etdirmək üçün Dunaydan stansiyaya su axınını artırmaq məqsədilə bir sıra tədbirlər görülüb. Çayın yatağındakı daşlardan biri yerindən tərpədilib, həmçinin suyun axınını Çernavoda AES istiqamətinə yönəltmək üçün dörd barja batırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.