İran və Tacikistan enerji sahəsində uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayacaq.
İranın neft naziri Möhsün Paknejad bu gün Tacikistanın energetika və su ehtiyatları naziri Cümə Dəlyer ilə görüşdən sonra jurnalistlərə açıqlamasında iki ölkə arasında uzunmüddətli müqavilənin çərçivəsinin yekunlaşdırıldığını bildirib.
İranın neft naziri qeyd edib ki, son iki ildə iki ölkə arasında aparılan müzakirələrin əsas hissəsi İranın artıq neft məhsullarının Tacikistana ixracının mümkünlüyünə yönəlib.
Onun sözlərinə görə, bununla Tacikistanın enerji sahəsində üzləşdiyi problemlərin bir hissəsinin aradan qaldırılması nəzərdə tutulub.
Paknejad deyib ki, əməkdaşlığın texniki və logistik detallarını araşdırmaq üçün ekspertlərdən ibarət qrup yaradılacaq.
O qeyd edib ki, əsas məqsəd həm yanacaq təminatını, həm də Tacikistanın neft emalı zavodlarının ehtiyac duyduğu xam neftin tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilənin imzalanmasıdır.
Nazirin sözlərinə görə, iki ölkə arasında əvvəl əldə olunmuş razılaşmaların böyük hissəsi hazırda icra olunur və praktiki mərhələyə keçir.
Paknejad vurğulayıb ki, bu razılaşma qlobal enerji böhranı şəraitində Tacikistanın yanacaq təminatı ilə bağlı problemlərinin aradan qaldırılmasına kömək edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.