Saudi Aramco Asiyaya neft tədarükündə Hörmüz boğazından yan keçmək istəyir

Saudi Aramco bəzi Asiya neft emalı zavodlarına Hörmüz boğazından yan keçməklə xam neft tədarükü təklif edir.
Reuters-in məlumatına görə, şirkət Asiyadakı alıcılarla qapalı danışıqlar aparır. Təklif sentyabr ayında yüklənməsi nəzərdə tutulan Arab Medium və Arab Heavy markalı neftin BƏƏ-nin Fuceyrə sahillərində gəmilərdən-gəmilərə yüklənməsi yolu ilə çatdırılmasını nəzərdə tutur.
Aramco-nun neft partiyalarını Fuceyrəyə hansı marşrutla çatdırdığı isə açıqlanmır.
Şirkətin bu addımı Hörmüz boğazında yaranan uzunmüddətli fasilələr fonunda neft ixracının alternativ yollarla həyata keçirilməsinə cəhd kimi qiymətləndirilir.
Aramco daha əvvəl də tədarük marşrutlarını dəyişib. İranla müharibənin başlamasından sonra şirkət Arab Light neftinin bir hissəsini Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu limanına yönəldib. Qırmızı dənizdə husilərin gəmilərə hücumlarından sonra isə həmin neft markasını Misirin Sidi-Kərir limanından təklif edib.
Hörmüz boğazı və Qırmızı dənizdəki təhlükəsizlik problemləri Asiya bazarlarına neft tədarükünü çətinləşdirib. Xüsusilə Hindistan kimi əsas bazarlarda Aramco-nun satışlarının azaldığı bildirilir.
Bunun əksinə olaraq, BƏƏ-nin ADNOC şirkəti Fars körfəzindən boğazdan kənardakı ərazilərə neft tədarükünü davam etdirərək satışlarını artırıb. Şirkət tenderlər vasitəsilə 100 milyon barreldən çox neft satıb.
Yeni razılaşmalar Asiya neft emalı zavodlarına nefti Hörmüz boğazından keçmədən əldə etməyə imkan verə bilər. Bununla da tankerlərin təhlükəsizlik risklərinin yüksək olduğu boğaza daxil olması zərurəti azalır.
Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm marşrutlarından biridir və burada yaranan uzunmüddətli fasilələr qlobal enerji bazarına ciddi təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.