KSYİK: İsrail İranla təkbaşına müharibə aparmaq iqtidarında deyil

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (KSYİK) yüksək rütbəli nümayəndəsi, siyasi idarə rəisinin müavini, briqada generalı Yədullah Cəvani İsrailin İranla təkbaşına müharibə aparmaq imkanında olmadığını bildirib.
“Mehr” agentliyinin məlumatına görə, Cəvani İsrailin münaqişəyə yalnız ABŞ-ın dəstəyi ilə qoşulduğunu və faktiki olaraq Vaşinqton və Qərbin “proksi qüvvəsi” kimi çıxış etdiyini deyib.
General qeyd edib ki, KSYİK-in ali komandanlığında son təyinatlar İranın müdafiə doktrinasında “transformativ” yanaşmanın tətbiq olunduğunu göstərir. Onun sözlərinə görə, yeni təyin olunan rəhbərlər İran-İraq müharibəsinin veteranlarıdır və yüksək rütbəli komandirlərin ölümündən sonra döyüş meydanında öz effektivliklərini nümayiş etdiriblər.
Cəvani bildirib ki, İranın ali rəhbəri ayətullah Seyid Müctəba Xameneinin imzaladığı təyinat fərmanlarında mövcud şəraitə uyğun yeni yanaşmalar öz əksini tapıb. O, “Bəsic” qüvvələrinin rəhbəri vəzifəsinə Höccətülislam Hüseyn Taebin təyin olunması ilə bağlı fərmanda “kəşfiyyat şəbəkəsi” və “hər bir iranlı Bəsic döyüşçüsüdür” kimi ifadələrin yer almasını buna nümunə göstərib.
Onun sözlərinə görə, general-mayor Əhməd Vəhidi rəhbərliyində KSYİK qarşısında əsas vəzifə “maksimum çəkindirmə” qabiliyyətinin təmin edilməsi və müdafiə əməliyyatlarının zərurət yarandıqda hücum xarakteri ala biləcəyi yeni mövqenin formalaşdırılmasıdır.
“Biz heç vaxt müharibənin təşəbbüskarı olmamışıq. Lakin münaqişənin mərkəzində olduğumuz və düşmənin fürsətlər axtardığı bir şəraitdə qarşı tərəf bu fərmanlardan və onların mesajlarından nəticə çıxarmalıdır. Silahlı qüvvələrimiz transformativ yanaşmalara keçir”, – deyə Cəvani bildirib.
KSYİK nümayəndəsi qarşı tərəfə xəbərdarlıq edərək deyib ki, İranın qəfil hücuma məruz qalacağını və hazırlıqsız yaxalanacağını düşünmək düzgün deyil.
“Düşmən bilməlidir ki, bizə qarşı qəfil addımlar ata və bizi hazırlıqsız yaxalaya bilməyəcək. Ola bilsin ki, strateji sürprizləri gözləməli olan tərəf məhz özü olsun”, – Cəvani əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.