CNN: Ukraynanın “Patriot” sistemləri üçün raket ələkeçiriciləri tükənib

Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ələkeçiricilərinin ehtiyatı faktiki olaraq tükənib.
CNN-in Ukraynada yerləşən “Patriot” sistemlərindən birinə çıxış əldə etməsi nəticəsində məlum olub ki, qurğunun 16 buraxılış konteynerinin üzərində intensiv istifadənin izləri var. Lakin sistemin Ukraynadakı baş mühəndisi təhlükəsizlik səbəbindən yalnız Dmitri adını açıqlayaraq bildirib ki, qurğudan artıq altı həftədir raket buraxılışı həyata keçirilməyib.
“Avadanlığın mövcud olduğu, lakin heç bir raketi ələ keçirə bilmədiyin bir vəziyyəti görmək həqiqətən ürəkağrıdıcıdır”, – Dmitri deyib.
Onun sözlərinə görə, “Patriot” sisteminin raketləri ilk dəfə 2025-ci ilin dekabrında tükənib.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qışı keçirməsi üçün ABŞ-ın “Patriot” raket ələkeçiriciləri ehtiyatının 5 faizinə ehtiyac olduğunu bildirib. Hazırda isə Ukraynanın həmin ehtiyatın yalnız 1 faizinə malik olduğu qeyd edilir.
İran müharibəsi “Patriot” raketlərinə tələbatı artırıb
CNN-in məlumatına görə, “Patriot” raket ələkeçiricilərinin qlobal çatışmazlığı əsasən mart və aprel aylarında Fars körfəzi regionunda baş verən münaqişə zamanı onların geniş miqyasda istifadəsi ilə daha da dərinləşib.
Bəzi hallarda nisbətən ucuz İran pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq üçün çox bahalı “Patriot” raketlərindən istifadə edilib.
Foreign Policy Research Institute-un məlumatına görə, İranla müharibənin ilk dörd günündə koalisiya qüvvələri gündə orta hesabla 225 raket ələkeçiricisindən istifadə edib.
Müqayisə üçün, “Patriot” sistemlərinin əsas istehsalçılarından olan 2025-ci ildə cəmi 620 ədəd belə raket istehsal edib. Bu isə istehlakla istehsal arasında böyük fərqin yarandığını göstərir.
ABŞ Pentaqonu yanvar ayında “Lockheed Martin” ilə yeddiillik müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətin 2030-cu ilədək ildə 2 min raket ələkeçiricisi istehsal etməsi nəzərdə tutulur.
Zelenski ABŞ şirkətlərinə müraciət edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində “Patriot” raketlərinin istehsalına başlanılması üçün ABŞ şirkətləri ilə əməkdaşlıq etmək istədiyini bildirib.
Onun sözlərinə görə, Ukrayna “Raytheon” və “Lockheed Martin” şirkətlərinə ölkədə yaradılacaq raket istehsalı müəssisəsinə sahiblik və nəzarət imkanının verilməsini təklif edib.
Zelenski bildirib ki, iyun ayında Ankarada keçirilən NATO sammitinin kənarında ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalına başlamaq üçün lisenziya verilməsi məsələsini gündəmə gətirib.
Bundan sonra “Raytheon” və “Lockheed Martin” nümayəndələri Kiyevə səfər edərək Zelenski ilə görüşüblər. Lakin Tramp daha sonra belə bir lisenziyanın veriləcəyi ilə bağlı şübhələrini ifadə edib.
“Bunu əldə etmək istəyirəm. Düşünürəm ki, ABŞ prezidentinin sözü prezident sözüdür və ümid edirəm ki, bunu əldə edəcəyəm”, – Zelenski CNN-ə müsahibəsində deyib.
Ağ Evin nümayəndəsi isə Zelenskinin açıqlamalarına münasibət bildirərək bildirib ki, bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul edilməyib və “Patriot” raketlərinin istehsalına dair heç bir zəmanət verilməyib.
Ağ Ev həmçinin vurğulayıb ki, ABŞ texnologiyalarının təhlükəsizliyi əsas prioritet olaraq qalır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.