Fövqəladə hallarda xilasediciləri robotlar əvəz edə bilər

Fövqəladə hallarda xilasediciləri robotlar əvəz edə bilər
Çin şirkəti DEEP Robotics fövqəladə hallar zamanı təhlükəli ərazilərə insanlardan əvvəl daxil ola bilən robotların istifadəsini genişləndirir.
Şirkətin təqdim etdiyi dördayaqlı X30 və təkərli-dördayaqlı Lynx M20 robotları yanğın, kimyəvi sızma, tikililərin uçması və su basmış tunellər kimi təhlükəli ərazilərdə ilkin kəşfiyyat aparmaq üçün nəzərdə tutulub.
X30 müxtəlif kameralar və 3D lidar sistemi ilə təchiz edilib. Robot real vaxt rejimində ərazinin xəritəsini hazırlaya, mümkün yanğın ocaqlarını müəyyən edə və ətraf mühitdəki dəyişiklikləri izləyə bilir.
Robot həmçinin karbonmonoksid, hidrogen sianid, hidrogen-sulfid və hidrogen-xlorid kimi təhlükəli qazların konsentrasiyasını müəyyən edən sensorlara malikdir. Bu, xilasedicilərə insanı təhlükəli zonaya göndərmədən atmosferin vəziyyəti barədə məlumat əldə etməyə imkan verir.
X30 kəşfiyyatla yanaşı, yanğınsöndürmə avadanlığı, hava balonları və müxtəlif alətlər də daşıya bilir. Robotun üzərinə su və ya köpük püskürdən sistem quraşdırmaq mümkündür. Bu sistemin maksimal püskürtmə məsafəsi 60 metr, su sərfi isə saniyədə 40 litrə qədərdir.
Robotların digər üstünlüyü rabitənin təmin edilməsidir. Binalarda, tunellərdə və yeraltı qurğularda mobil rabitənin olmadığı hallarda onlar öz aralarında şəbəkə yaradaraq görüntü və məlumatların idarəetmə məntəqəsinə ötürülməsini təmin edə bilirlər.
X30 mürəkkəb relyef üçün hazırlanıb. O, pilləkənləri, dağıntıları və digər maneələri keçə bilir, 45 dərəcəyə qədər maili səthlərdə hərəkət edə və 20 santimetrədək maneələri aşa bilir.
Daha hamar ərazilərdə isə Lynx M20 istifadə olunur. Robot təkərlər üzərində sürətlə hərəkət edir, qarşısına maneə çıxdıqda isə ayaqları vasitəsilə hərəkət rejiminə keçir.
DEEP Robotics-in məlumatına görə, robotlar artıq hündürmərtəbəli binalarda yanğınların söndürülməsi, tunellərdə fövqəladə hallar və təhlükəli maddələrin sızması ilə bağlı təlimlərdə sınaqdan keçirilib.
Mütəxəssislərin fikrincə, bu texnologiyanın əsas məqsədi xilasediciləri tamamilə əvəz etmək deyil. Robotların təhlükəli əraziyə əvvəlcə daxil olaraq vəziyyət barədə məlumat toplaması insanların həyatını riskə atmadan xilasetmə əməliyyatının planlaşdırılmasına imkan verə bilər.
Beləliklə, gələcəkdə yanğın, tüstü və ya zəhərli qazlarla dolu ərazilərə ilk daxil olan xilasedici deyil, robot ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.