Axios: ABŞ Respublikaçılar Partiyası İİ şirkətlərinə sərt xəbərdarlıq edib

Axios: ABŞ Respublikaçılar Partiyası İİ şirkətlərinə sərt xəbərdarlıq edib
ABŞ Respublikaçılar Partiyası ölkədə süni intellekt şirkətlərinin data mərkəzlərinin tikintisinə qarşı artan narazılığın siyasi problemlərə səbəb ola biləcəyindən ehtiyat edir.
Axios-un məlumatına görə, Milli Respublikaçı Senatorlar Komitəsinin (NRSC) hazırladığı və İİ şirkətlərinin rəhbərlərinə göndərilən məxfi qeyddə bildirilib ki, Ohayo ştatından olan senator Con Hastedi data mərkəzləri ilə bağlı narazılığın seçkilərdə uduzması təhlükəsi ilə üzləşə bilər. Bu isə həm Respublikaçılar Partiyası, həm də ABŞ-ın İİ sənayesi üçün ölkə miqyasında ciddi nəticələr yarada bilər.
Qeyddə vurğulanır ki, demokratlar data mərkəzlərini Hastedə qarşı kampaniyanın əsas mövzularından birinə çeviriblər və bu strategiya nəticə verir.
Respublikaçılar xəbərdarlıq edirlər ki, Hastedin məğlubiyyətində data mərkəzlərinin tikintisinə qarşı narazılığın əsas səbəb kimi göstərilməsi siyasətçilərin ölkə üzrə bu layihələrə münasibətini dəyişə bilər.
Xüsusilə keçmiş demokrat senator Şerrod Braunun Hastedə qarşı kampaniyası respublikaçıları narahat edir. Braun seçki reklamlarına milyonlarla dollar xərcləyərək Hastedə “Ohayoda data mərkəzlərinin siması” kimi təqdim edir.
Ohayoda bir sıra iri data mərkəzi layihələri həyata keçirilir və planlaşdırılır. Bu layihələrlə Nvidia, OpenAI, Meta, Vantage və QTS kimi şirkətlərin əlaqəsi var.
Data mərkəzlərinə qarşı narazılıq yalnız Ohayo ilə məhdudlaşmır. ABŞ-da hazırda 4 mindən çox belə obyekt fəaliyyət göstərir, 3 mindən çox digər layihə isə tikinti və ya planlaşdırma mərhələsindədir.
Yerli sakinlərin əsas narazılığı data mərkəzlərinin böyük həcmdə elektrik və su sərf etməsi, elektrik tariflərinin artması ehtimalı, nəhəng sənaye binalarının tikilməsi və yaradılan iş yerlərinin sayının gözləntilərdən az olması ilə bağlıdır. Bu obyektlər eyni zamanda süni intellektin inkişafının gələcəkdə iş yerlərinin azalmasına səbəb ola biləcəyi ilə bağlı narahatlığın da simvoluna çevrilib.
ABŞ-ın Pensilvaniya ştatında da data mərkəzlərinin tikintisinə münasibət sərtləşir. Ştatın qubernatoru Coş Şapiro çərşənbə axşamı bu obyektlərin tikintisi üçün daha sərt məhdudiyyətlər nəzərdə tutan sərəncam imzalayıb.
Fox News-un ötən həftə keçirdiyi sorğuya əsasən, Şerrod Braun Con Hastedən 8 faiz bəndi öndədir.
NRSC hesab edir ki, İİ şirkətləri ictimaiyyətin data mərkəzlərinə münasibətini dəyişmək üçün daha fəal addımlar atmalıdır. Şirkətlər layihələrdən kimin faydalandığını, onların tikintisi və istismarının xərclərini kimin ödədiyini və yerli icmaların bu layihələri niyə dəstəkləməli olduğunu izah etməlidir.
Respublikaçılar xəbərdarlıq edirlər ki, data mərkəzlərinə qarşı mənfi münasibət qısa müddətdə dəyişdirilməsə, Ohayoda başlayan kampaniya digər ştatlara da yayıla və İİ şirkətlərinin ABŞ üzrə yeni infrastruktur layihələrini həyata keçirməsini çətinləşdirə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.