Çində humanoid robotlar otel, kitabxana və evlərdə sınaqdan keçirilir

Çində humanoid robotların real həyat şəraitində sınaqları başlayıb. Robotlar artıq yalnız xüsusi poliqonlarda deyil, otellər, kitabxanalar və yaşayış evləri kimi müxtəlif məkanlarda gündəlik işləri yerinə yetirməyə çalışırlar.
“Global Times”ın məlumatına görə, bu sınaqlar humanoid robot texnologiyalarının laboratoriyalardan çıxaraq praktiki istifadəyə yaxınlaşdığını göstərir.
Robotların bacarıqları avqustun 22-dən 26-dək Pekində keçiriləcək II Dünya Humanoid Robotlar Oyunları çərçivəsində nümayiş etdirilir. Bu il ilk dəfə yarış proqramına məişət tapşırıqları da daxil edilib. Ağıllı mənzil şəraitində keçirilən yarışda 38 komanda iştirak edir.
Robotlardan qonaq otağını səliqəyə salmaq, paltarları qatlamaq, camaşır yumaq və paltarları sərmək tələb olunur. Onlar həmçinin gözlənilməz vəziyyətlərə reaksiya verməlidirlər. Məsələn, robot səsli göstəriş əsasında kuryerin gətirdiyi bağlamanı qəbul etməli, daha sonra isə yarımçıq qoyduğu işə qayıtmalıdır.
Sınaqlarda robotların avtonom işləmə qabiliyyətinə xüsusi diqqət yetirilir. Uzaqdan idarə olunan robotlara mümkün maksimum balın yalnız yarısı verilir. Toqquşmalar, əşyaların yerə düşməsi və müəyyən edilmiş sərhədlərdən kənara çıxma isə cərimələnir.
Robotlar real otellərdə də sınaqdan keçirilir. Burada onların baqajı otaqlara çatdırması, dəsmal, başmaq və su ehtiyatlarını yeniləməsi, istifadə olunmuş yataq dəstlərini toplaması və yataqları hazırlaması tələb olunur.
Kitabxanalarda isə robotlar qaytarılmış kitabları toplamalı, onları rəflərdə düzgün yerləşdirməli və yanlış düzülmüş kitabların yerini müəyyənləşdirməlidirlər.
Mütəxəssislərə görə, bu tapşırıqlar adi robot yarışlarından daha mürəkkəbdir. Dar dəhlizlər, yumşaq və formasını dəyişə bilən əşyalar, ağır arabalar və bir-biri ilə əlaqəli çoxsaylı əməliyyatlar robotlardan yalnız dəqiqlik deyil, həm də dəyişən şəraitə müstəqil uyğunlaşmaq bacarığı tələb edir.
Yarışların ayrıca kateqoriyasında robotların incə manipulyasiya qabiliyyəti də yoxlanılır. Onlar kiçik əşyaları, o cümlədən paxlalıları götürməli və vintləri bərkitməlidirlər. Bu tapşırıqlar robotların mexaniki qollarının və “barmaq çevikliyinin” imkanlarını nümayiş etdirməyə yönəlib.
Budəfəki oyunlarda 16 ölkədən 666 komanda və 2056 robot iştirak edir.
Analitiklərin fikrincə, humanoid robotların inkişafında əsas sual artıq onların konkret bir əməliyyatı yerinə yetirib-yetirə bilməməsi deyil. Əsas məsələ robotun insan müdaxiləsi olmadan bir-biri ilə əlaqəli bir neçə real işi ardıcıl şəkildə yerinə yetirib-yetirə bilməsidir.
Bu baxımdan, robotların evlərdə, otellərdə, kitabxanalarda və digər real obyektlərdə sınaqdan keçirilməsi onların gündəlik həyatda geniş istifadəyə hazırlanması istiqamətində mühüm mərhələ hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.