Rusiya Türkiyədən benzin idxal edir

Rusiya daxili bazarda yaranan yanacaq çatışmazlığını azaltmaq məqsədilə xaricdən benzin idxalını artırır. S&P Global Commodities at Sea-nin məlumatına görə, ölkə iyul ayından etibarən dəniz yolu ilə artıq beşinci benzin partiyasını qəbul etməyə hazırlaşır. Bu, Türkiyədən Rusiyaya həyata keçiriləcək ilk belə yanacaq tədarüküdür.
Məlumata görə, Türkiyənin Mersin limanından yola düşən “Wendrix” orta ölçülü tankeri gələn həftə Rusiyaya çatmalıdır.
Tanker təxminən 200 min barel benzin daşıyır. Bu tədarük Rusiyada daxili yanacaq qıtlığının yumşaldılmasına hesablanıb.
Qeyd edək ki, Mersin limanı Ukraynanın sanksiya siyahısındadır. “Wendrix” tankeri isə Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna və İsveçrənin sanksiyaları altındadır.
Beləliklə, Rusiyanın yanacaq bazarında yaranan çatışmazlıq fonunda Türkiyədən benzin idxalı Moskvanın xarici tədarükə müraciət etdiyi yeni istiqamətlərdən birinə çevrilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.