Yunanıstan Türkiyənin Egey dənizindəki addımlarına cavab hazırlayır

Yunanıstan Türkiyənin Egey dənizində gərginliyi artıran son addımlarından sonra bir sıra cavab tədbirləri hazırlayır.
“Kathimerini” qəzetinin yazdığına görə, Ankara Egey dənizinin şimal-şərq hissəsində və Kastellorizo bölgəsində iki dəniz parkının yaradıldığını elan edib. Türkiyə bununla yanaşı, Egey dənizində uzun müddətdir mübahisə doğuran “boz zonalar” məsələsini də yenidən gündəmə gətirib.
Afina hesab edir ki, Ankara ilə münasibətlərdə nisbi sakitlik dövrü başa çatmaq üzrədir. Yunanıstan hökuməti Türkiyənin strategiyasının yaxın həftələrdə daha aydın görünəcəyini gözləyir.
Bunun üçün iki əsas məqam diqqət mərkəzindədir. Birincisi, Türkiyənin yaratdığı dəniz parklarında balıqçılıq, gəmiçilik və tədqiqat işləri ilə bağlı hansı məhdudiyyətlərin tətbiq ediləcəyi açıqlanmalıdır. İkincisi isə Yunanıstan və Kipr arasında elektrik bağlantısı layihəsi çərçivəsində tədqiqatların yenidən başlanmasına Ankaranın verəcəyi reaksiyadır.
Afina artıq bir sıra cavab addımları atmağa başlayıb. Yunanıstan rəsmilərinin sözlərinə görə, iki ölkə arasında yüksək səviyyəli təmasların faktiki olaraq dondurulması gözlənilir.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşməsi hazırda olduqca az ehtimal olunur. İki ölkənin xarici işlər nazirlərinin görüşü ilə bağlı da oxşar qiymətləndirmə verilir.
Afina Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlər məsələsində də daha sərt mövqe nümayiş etdirməyə hazırlaşır. Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritisin yaxın vaxtlarda keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında Türkiyənin yaratdığı dəniz parkları barədə həmkarlarını məlumatlandıracağı gözlənilir.
Yunanıstan Türkiyə üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlərdə irəliləyişin qarşısını almağa çalışa bilər. Bunlara Aİ-Türkiyə Gömrük İttifaqının modernləşdirilməsi, viza rejiminin liberallaşdırılması, eləcə də Türkiyənin Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən enerji habı kimi rolu daxildir.
Afina ərazi sularının Krit adasının cənubunda 12 dəniz milinə qədər genişləndirilməsi variantını da nəzərdən keçirir.
Yunanıstan Türkiyəni Egey dənizi və Şərqi Aralıq dənizində uzun müddətdir davam edən ərazi iddialarını yenidən gündəmə gətirməkdə ittiham edir. Afina bu addımların beynəlxalq hüquq normalarına zidd olduğunu bildirir.
Bundan başqa, Yunanıstan son dövrdə Türkiyəyə məxsus təyyarə və pilotsuz uçuş aparatları tərəfindən hava məkanının və hava hərəkəti qaydalarının pozulması hallarının artdığını iddia edir.
Beləliklə, Egey dənizində Ankara ilə Afina arasında uzun müddətdir davam edən fikir ayrılıqları yenidən kəskinləşir və tərəflərin qarşıdakı həftələrdə atacağı addımlar bölgədə gərginliyin istiqamətini müəyyən edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.