ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İranın neft gəlirlərini, nüvə və raket proqramlarını, kiberməkan fəaliyyətini və sanksiyalardan yayınma mexanizmlərini hədəfə alan yeni genişmiqyaslı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, prezident Donald Trampın göstərişi ilə “Economic Outcast” (“İqtisadi təcrid”) adlı əməliyyat çərçivəsində İrana qarşı hökumətlərarası iqtisadi kampaniyaya başlanılıb.
Vaşinqton İranın neft qaçaqmalçılığı, sanksiyalardan yayınma və terrorun maliyyələşdirilməsi üçün istifadə etdiyi şəbəkələri və maliyyə kanallarını müəyyənləşdirdiyini açıqlayıb.
Yeni tədbirlər çərçivəsində ikinci dərəcəli sanksiyaların əhatə dairəsi genişləndirilib. Xüsusilə rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçilik sektorları xüsusi nəzarətə götürülüb.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi – OFAC müxtəlif ölkələrdə fəaliyyət göstərən 60-a yaxın şirkət, fiziki şəxs və gəmini sanksiya siyahısına daxil edib. Onların nüvə və raket texnologiyalarının alınması, kiberəməliyyatlar və İran neftinin ticarəti ilə əlaqəli olduğu bildirilir.
Bundan başqa, İrana müəyyən maliyyə köçürmələrinə və İranın ABŞ-dakı mədəni və akademik sistemə çıxışına imkan verən bir sıra ümumi lisenziyaların fəaliyyəti dayandırılıb.
ABŞ həmçinin Hörmüz boğazında İranın tələblərinə uyğun hərəkət edən gəmiçilik şirkətləri üçün sanksiya riskləri barədə yeni təlimatlar yayıb.
Vaşinqtonun açıqlamasında İranın kriptovalyutadan sanksiyalardan yayınmaq və İnqilab Keşikçiləri Korpusunun maliyyə əməliyyatlarını dəstəkləmək üçün istifadə etdiyi iddia olunur.
ABŞ həmçinin İranın qabaqcıl texnologiyalara çıxış əldə etməyə çalışdığını və bu texnologiyaların silah proqramlarına inteqrasiya edildiyini bildirir.
Sanksiyaların digər istiqaməti İranın “kölgə donanması”na qarşıdır. ABŞ Maliyyə Nazirliyi İran neftinin və mayeləşdirilmiş qazın qanunsuz daşınmasında istifadə edildiyini bildirdiyi bir sıra tankerləri bloklanmış əmlak kimi müəyyən edib.
Sanksiyaya məruz qalanlar arasında Botsvana, Kamerun, Vanuatu və Qambiya bayraqları altında üzən SIFRA, G SILVER, QUANTUM HOPE, VOYAGE ELITE və TELA adlı tankerlər də var.
ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, sanksiya tətbiq edilən şəxslərə və qurumlara yardım göstərən xarici maliyyə institutları da ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinin hədəfinə çevrilə bilər.
Vaşinqtonun qərarına əsasən, sanksiyaya məruz qalan şəxslərin ABŞ yurisdiksiyasında yerləşən bütün aktivləri bloklanır. Həmçinin həmin şəxslərin birbaşa və ya dolayı yolla 50 faiz və daha çox paya sahib olduğu şirkətlərə də məhdudiyyətlər şamil edilir.
ABŞ bununla İranın nüvə və raket proqramlarını, neft ixracından əldə etdiyi gəlirləri və beynəlxalq maliyyə sistemindən istifadə imkanlarını daha da məhdudlaşdırmağı hədəfləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.