ABŞ məhkəməsi Epşteynin ortağının 20 illik həbs cəzasını ləğv etməyib

ABŞ məhkəməsi Epşteynin ortağının 20 illik həbs cəzasını ləğv etməyib
ABŞ-da federal məhkəmə maliyyəçi Ceffri Epşteynin ortağı Gislayn Maksvellin 20 illik həbs cəzasının ləğv edilməsi ilə bağlı müraciətini rədd edib.
64 yaşlı Maksvell 2021-ci ildə Epşteyn üçün yetkinlik yaşına çatmayan qızların cəlb edilməsində təqsirli bilinib və 20 il müddətinə azadlıqdan məhrum edilib.
Federal hakim Pol Engelmayyer Maksvellin məhkəmə prosesi zamanı konstitusion hüquqlarının pozulması ilə bağlı iddialarının hüquqi əsasının olmadığını bildirib. Hakim onun irəli sürdüyü arqumentlərin əksəriyyətini də əsassız hesab edib.
Maksvell daha əvvəl də hökmə etiraz edərək ABŞ Ali Məhkəməsinə müraciət etmişdi. Lakin ötən ilin oktyabrında Ali Məhkəmə onun apellyasiya şikayətinə baxmaqdan imtina edib.
Ceffri Epşteyn işi uzun illərdir ABŞ-da geniş ictimai rezonans doğurur. Buna əsas səbəb maliyyəçinin siyasətçilər, nüfuzlu iş adamları, məşhurlar və akademik dairələrin nümayəndələri ilə əlaqələrinin üzə çıxmasıdır. Epşteyn 2019-cu ildə Nyu-York həbsxanasında məhkəməsini gözləyərkən ölüb.
Maksvell isə Epşteynin fəaliyyəti ilə bağlı cinayətlər üzrə məhkum edilən yeganə şəxs olaraq qalır.
Bu ilin fevralında Maksvell ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinə ifadə vermək üçün çağırılıb. Lakin o, sualları cavablandırmaqdan imtina edib. Vəkili bildirib ki, Maksvell yalnız ABŞ Prezidenti Donald Tramp tərəfindən əfv ediləcəyi təqdirdə danışmağa razıdır.
Epşteynlə uzun illər münasibətdə olmuş Tramp daha əvvəl “Epşteyn faylları” adlandırılan istintaq materiallarının açıqlanmasına qarşı çıxıb. Bu mövqe onun işi ilə bağlı bəzi məlumatları gizlətməyə çalışdığı barədə ittihamlara səbəb olub. Tramp isə Epşteynin cinayətlərində hər hansı iştirakının olmadığını bildirir.
ABŞ-da yeni qanunun qəbulundan sonra Epşteyn işi üzrə istintaq materiallarının əhəmiyyətli hissəsinin açıqlanması məsələyə ictimai marağı yenidən artırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.