İran yeni hava hücumundan müdafiə sistemləri istehsal edir

İran yeni hava hücumundan müdafiə sistemlərinin istehsalına başlayıb. Tehran həmçinin son müharibələr zamanı yüksək effektivlik göstərən hava hücumundan müdafiə komplekslərini yenidən istehsal edir.
İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Əlirza Elhami bildirib ki, yeni sistemlərin hazırlanması və istehsalı tamamilə İranın öz texnologiyaları əsasında həyata keçirilir. Bu barədə Mehr məlumat yayıb.
Generalın sözlərinə görə, son iki müharibənin təcrübəsi İran ordusuna hava hücumundan müdafiə qüvvələrinin taktikasını təkmilləşdirməyə və yeni sistemlər hazırlamağa imkan verib.
Elhami xüsusilə 40 günlük müharibə zamanı İranın hava hücumundan müdafiə sistemlərinin düşmənin qırıcı təyyarələri və strateji pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsində effektivliyinin üzə çıxdığını bildirib.
“Biz çox sayda strateji və effektiv pilotsuz uçuş aparatını, eləcə də düşmən qırıcılarını məhv etdik”, – deyə iranlı general bildirib.
Onun sözlərinə görə, 40 günlük münaqişə İran ordusuna hava hücumundan müdafiə sistemlərinin taktiki tətbiqi, istehsalı, yerləşdirilməsi və mövqelərinin müəyyənləşdirilməsi sahəsində mühüm təcrübə qazandırıb. Əldə olunan təcrübə əsasında sistemlərdə və taktikalarda dəyişikliklər edilib.
Elhami qeyd edib ki, hazırda İran hava hücumundan müdafiə imkanlarını “100 faiz İran potensialına” əsaslanaraq inkişaf etdirir. O bildirib ki, effektivliyi təsdiqlənən sistemlərin istehsalı bərpa olunur və yeni komplekslər də hazırlanır.
General əlavə edib ki, İran yeni sistem və avadanlıqların istehsalında yalnız ölkənin öz bilik və texnologiyalarından istifadə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.