İran ABŞ-la razılaşmanın əldə olunması məsələsi ilə bağlı bir sıra Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır. Bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani məlumat verib.
Diplomatın sözlərinə görə, İran və ABŞ arasında razılaşma Pakistan, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunub. Bununla belə, o qeyd edib ki, atəşkəsə dair razılaşma “tam şəkildə işləmir”.
“Razılaşmanın tam icrası ABŞ və vasitəçi ölkələrin üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməsini nəzərdə tutur. Bu məsələlərlə bağlı Pakistan bizimlə danışıqlar aparır, biz isə Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr keçiririk”, – səfir bildirib.
Qeyd edək ki, avqustun 20-də ABŞ İran üzərində yeni iqtisadi təzyiq kampaniyasına başladığını açıqlayıb. Vaşinqton Tehranı maksimum təcrid etməyə və İranla ticarət və maliyyə əlaqələrini qoruyub saxlamağa kömək edən xarici strukturlara qarşı sanksiyalar tətbiq etməyə çalışır. Potensial tədbirlər İranla əməliyyatlar aparan banklara, şirkətlərə, neft vasitəçilərinə və digər qurumlara, o cümlədən Rusiya strukturlarına da şamil edilə bilər.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında tərəflər münaqişənin dayandırılması və Hörmüz boğazından gəmiçiliyin bərpası üçün zəmin yaratmalı olan aralıq razılaşma əldə etsələr də, sonradan əldə olunan razılaşmalar pozulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.