AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da məhkumluğu olmayan miqrantların saxlanılması rekord həddə çatıb

  • + A
  • - A
  • Dünən, 22:54

    ABŞ-da məhkumluğu olmayan miqrantların saxlanılması rekord həddə çatıb


    ABŞ-da immiqrasiya qanunvericiliyinin pozulmasına görə saxlanılan, lakin cinayət keçmişi olmayan miqrantların sayı rekord həddə çatıb.
    CBS News-un ABŞ federal məlumatlarına istinadən yaydığı xəbərə görə, 2026-cı ilin iyulunda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları gündə orta hesabla 800-dən çox cinayət məhkumluğu və ya onlara qarşı irəli sürülmüş cinayət ittihamı olmayan şəxsi saxlayıb.
    Ümumilikdə isə iyul ayında ICE gündə orta hesabla 1 580-dən çox miqrantı saxlayıb. Bu, Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri ən yüksək göstəricidir. İlk dəfə olaraq saxlanılanların yarıdan çoxunu yalnız mülki xarakterli immiqrasiya pozuntuları olan şəxslər təşkil edib.
    Saxlanılmaların artması Ağ Evin ICE-yə gündəlik həbslərin sayını 2 minə çatdırmaqla bağlı təzyiq göstərdiyi bir vaxtda baş verib. İmmiqrasiya nəzarətinin gücləndirilməsi yaz aylarında göstəricilərin azalmasından sonra yenidən sürətlənib.
    Məlumatlara əsasən, Tramp administrasiyasının fəaliyyəti dövründə ICE tərəfindən saxlanılan şəxslərin təxminən 6 faizini zorakı cinayətlərə görə məhkum olunanlar təşkil edib. İyul ayında bu göstərici təxminən 4 faiz olub.
    ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə bildirir ki, ICE ölkədə qanunsuz yaşayan bütün şəxslərə, onların məhkumluğunun olub-olmamasından asılı olmayaraq, qarşı tədbirlər görür. Nazirliyin nümayəndəsi qeyd edib ki, cinayət keçmişi olmayanlar arasında terrorçuluqda, insan hüquqlarının pozulmasında və cinayətkar qrupların fəaliyyətində şübhəli bilinən şəxslər də ola bilər.
    Məlumatlar Kaliforniya Universitetinin Berkli və Los-Anceles bölmələrinin Deportation Data Project layihəsi tərəfindən əldə edilib. Bununla belə, məlumat bazasında miqrantların ABŞ-dan kənarda törədə biləcəyi cinayətlər barədə informasiya yer almır.
    ICE-nin yaşayış məntəqələrində həyata keçirdiyi saxlanılmaların sayı da əhəmiyyətli dərəcədə artıb. İyun və iyul aylarında şəhərlərdə və digər icmalarda ən azı 45,3 min saxlanılma həyata keçirilib. Bu, həmin iki ay üzrə bütün saxlanılmaların demək olar ki, yarısıdır.
    Bundan əlavə, təxminən 12,7 min saxlanılma yerli hüquq-mühafizə orqanlarının 287(g) proqramı çərçivəsində immiqrasiya üzrə səlahiyyətlər əldə etməsi ilə bağlı olub.
    Artım yalnız miqrantlara münasibətdə “sığınacaq şəhərləri” siyasəti yürüdən ərazilərlə məhdudlaşmayıb. Belə şəhərlərdə iyun və iyul aylarında icmalar daxilində saxlanılmalar əvvəlki altı ayın orta göstəricisi ilə müqayisədə 27 faiz artıb. Digər ərazilərdə isə artım 50 faiz təşkil edib.
    Ən ciddi artım Florida və Texas ştatlarında qeydə alınıb. Floridada iyun və iyul aylarında yaşayış məntəqələrində aparılan saxlanılmalar əvvəlki altı ayın orta göstəricisindən təxminən dörd dəfə çox olub. Ceksonvildə aylıq orta göstərici 15-dən 165-ə, Mayamidə isə 115-dən 715-ə yüksəlib.
    Texasda isə El-Paso və Ostində icmalar daxilində saxlanılmalar üç dəfə artıb.

    ICE son dövrdə genişmiqyaslı şəhər əməliyyatlarından daha çox avtomobillərin saxlanılması, hava limanları və miqrasiya orqanlarına məcburi qeydiyyat üçün gələn şəxslərin tutulması kimi üsullardan istifadə edir.

    Hazırda ICE 1 850-dən çox şəhər, rayon və regional hüquq-mühafizə orqanı ilə 287(g) proqramı çərçivəsində əməkdaşlıq sazişi imzalayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi proqramın genişləndirilməsi üçün 2027-ci ilin sentyabrına qədər 1,15 milyard dollar vəsait ayırmağı planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR