ABŞ Çini NASA və Senata kiberhücumlarda ittiham edib

ABŞ Ədliyyə Nazirliyi 2018-ci ildən etibarən Amerika dövlət qurumlarının və digər həssas obyektlərin şəbəkələrinə hücumlar həyata keçirdiyi və ya sındırmağa cəhd göstərdiyi iddia olunan “Çin haker qruplaşmasının” fəaliyyətinin qarşısının alındığını açıqlayıb.
Reuters-in məlumatına görə, kiberhücumların hədəfləri arasında ABŞ Ədliyyə Nazirliyi, NASA, Federal Ehtiyat Sistemi və Senat da olub.
ABŞ hakimiyyəti iki haker platformasına – QScan və QTRouter domenlərinə nəzarəti ələ keçirdiyini bildirib. Rəsmi məlumata görə, bu platformalar genişmiqyaslı kiberkampaniyada istifadə olunub.
İş materiallarına əsasən, hücumların digər hədəfləri sırasında ABŞ Energetika Nazirliyi, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, Milli Səhiyyə İnstitutları, həmçinin ABŞ və Cənubi Koreyada fəaliyyət göstərən dörd şirkət olub.
ABŞ Ədliyyə Nazirliyi platformaların Çində yerləşən Nanjing Xinjiuwei Network Technology Company şirkəti ilə əlaqəli olduğunu iddia edir. Nazirliyin məlumatına görə, şirkətin müştəriləri arasında Çinin dövlət təhlükəsizlik orqanı və Çin Xalq Azadlıq Ordusu da olub.
FBI, NSA və ABŞ Kiber Milli Missiya Qüvvələrinin birgə tövsiyəsində hakerlərin son illərdə çoxsaylı əməliyyatlar həyata keçirdiyi bildirilir. Məsələn, 2024-cü ilin mayında müdafiə sektorunda fəaliyyət göstərən şirkətlərdən, maliyyə qurumlarından və universitetlərdən məlumatların oğurlandığı qeyd olunur.
2024-cü ilin sentyabrında isə hakerlərin ABŞ Energetika Nazirliyinin üç laboratoriyasının, Milli Səhiyyə İnstitutlarının, Səhiyyə Nazirliyinin bir struktur bölməsinin və təhlükəsizlik avadanlığı istehsalçısının şəbəkələrinə daxil olduğu bildirilir.
Bununla yanaşı, bəzi hücum cəhdlərinin uğursuz olduğu açıqlanıb. 2019-cu ilin avqustunda hakerlər VPN-dəki boşluqdan istifadə etməklə NASA-nın şəbəkələrinə giriş əldə etməyə çalışıblar. 2026-cı ilin martında isə ABŞ Senatının və ölkədəki xəstəxanalardan birinin sistemlərində zəiflikləri müəyyənləşdirməyə cəhd göstərilib, lakin sistemlərə daxil olmaq mümkün olmayıb.
Çinin Vaşinqtondakı səfirliyi isə ittihamları rədd edərək Pekinin istənilən kiberhücuma qəti şəkildə qarşı olduğunu və bu cür fəaliyyətlərlə qanun çərçivəsində mübarizə apardığını bildirib.
Çin tərəfi həmçinin ABŞ-ı kibertəhlükəsizlik məsələsindən Çini nüfuzdan salmaq və Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etmək üçün istifadə etməkdə ittiham edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.