AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2026-cı ilin ən çox insan tələfatına səbəb olan təbii fəlakətləri açıqlanıb

  • + A
  • - A
  • Dünən, 22:00

    2026-cı ilin ən çox insan tələfatına səbəb olan təbii fəlakətləri açıqlanıb


    2026-cı ilin əvvəlindən etibarən dünyanın müxtəlif bölgələrində baş verən güclü zəlzələlər, daşqınlar, tayfunlar və anomal istilər minlərlə insanın həyatına son qoyub.

    “Naked Science” nəşri avqustun 27-dək olan məlumatlar əsasında ilin ən çox insan tələfatına səbəb olan təbii fəlakətlərinin siyahısını təqdim edib.

    Siyahıda ən ağır nəticələr Venesuelada qeydə alınan zəlzələlərlə bağlıdır. İyunun 24-də ölkənin şimal sahilləri yaxınlığında 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Rəsmi məlumatlara görə, ölənlərin sayı 6509 nəfərə çatıb. 226 mindən çox insan isə xəsarət alıb və ya xəstəxanaya yerləşdirilib. Xüsusilə La-Quayra bölgəsində dağıntılar altından cəsədlərin çıxarılması ilə qurbanların sayı sürətlə artıb.
    Hindistanın Assam ştatında da güclü musson yağışları genişmiqyaslı daşqınlara səbəb olub. Avqustun 10-na olan məlumata görə, 100 nəfər həyatını itirib, 700 mindən çox insan təxliyə edilib. Brahmaputra və digər çayların məcrasından çıxması nəticəsində on minlərlə insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.

    İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində avqustun 15-də 7,7 maqnitudalı zəlzələ baş verib. Ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, ölənlərin sayı 103 nəfər olub, 1666 nəfər yaralanıb.
    Çində isə “Maisak” tayfunu və onun ardınca baş verən daşqınlar ciddi fəsadlar törədib. Dövlət mediasının məlumatına əsasən, avqustun 21-dək Quanşi bölgəsində 159 nəfər ölüb, 10 nəfər itkin düşüb. Bəzi ərazilərə 900 millimetrdən çox yağıntı düşüb.

    Banqladeşdə isə iyulun 13-dək güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 54 nəfər ölüb. 150 mindən çox ailə zərərçəkən ərazilərdə xarici aləmlə əlaqəsini itirib.
    Nepalda avqustun 26-da baş verən dağıdıcı daşqınlar nəticəsində isə ilkin məlumata görə, azı 165 nəfər həyatını itirib. Sərhədin hər iki tərəfində yüzlərlə insan itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə işləri davam etdiyindən qurbanların sayının artacağı istisna edilmir.
    Afrikanın cənub və şərq hissələrində də ölümcül daşqınlar qeydə alınıb. Zimbabvedə 2025–2026-cı illərin yağış mövsümündə mart ayına qədər 134 nəfər ölüb. Keniyada isə fevralın sonunda başlayan daşqınlar nəticəsində may ayına qədər 122 nəfərin öldüyü bildirilir.

    Avropada anomal isti hava da ciddi təhlükə yaradıb. Bəzi hesablamalarda 2026-cı ildə istilərlə əlaqəli ölüm hallarının 35 mindən çox olduğu göstərilsə də, bu rəqəmlə ehtiyatlı davranılması tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatının ilkin məlumatlarına görə, iyunun 22-dən 28-dək Avropada təxminən 10 650 əlavə ölüm qeydə alınıb. İki həftəlik ən yüksək temperatur dövründə isə artıq ölüm hallarının sayı 14 mini keçib.

    Mütəxəssislər bildirirlər ki, “artıq ölüm” göstəricisi insanların birbaşa istilikdən öldüyünü ifadə etmir. Bu göstəriciyə yüksək temperaturun müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb olması nəticəsində baş verən ölüm hallarının bir hissəsi də daxil ola bilər.

    İsti hava xüsusilə yaşlı insanlar, eləcə də ürək-damar, tənəffüs və böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər üçün ciddi risk olaraq qalır.
    Avropada 2026-cı ilin anomal istiləri ilə bağlı yekun ölüm göstəricilərinin daha geniş məlumat bazası təhlil edildikdən sonra müəyyənləşdirilməsi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR