A.Mirzoyan: Dəmir yolları ilə bağlı elə qərar tapılacaq ki, həm Ermənistan qazansın, həm də Rusiya inciməsin

Ermənistanın dəmir yolları ilə bağlı problemin həlli tapılacaq və bu qərar həm Ermənistanın maraqlarına cavab verəcək, həm də Rusiyanın narazılığına səbəb olmayacaq.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
Mirzoyanın sözlərinə görə, Ermənistanın dəmir yolu şəbəkəsinin ciddi şəkildə modernləşdirilməsinə ehtiyac var. O bildirib ki, bu məsələ Rusiya tərəfi ilə müzakirə edilib, lakin görünür, rusiyalı tərəfdaşlar zəruri investisiyaları həyata keçirmək niyyətində deyillər.
Nazir qeyd edib ki, Ermənistan kommunikasiyaların blokadadan çıxarılması imkanını əldən vermək istəmir.
“Şəbəkə işləməli və böyük bir layihəyə inteqrasiya olunmalıdır. Bu məsələ hazırda dünya siyasətinin əsas üç mövzusundan biridir. Bütün dünya yeni logistika kommunikasiyaları axtarır və Ermənistanın belə istiqamətlərdən birinə çevrilmək imkanı var. Görünür, hamı bununla razılaşmağa meyllidir”, – Mirzoyan bildirib.
Ermənistan XİN rəhbəri Rusiya tərəfinə dəmir yollarının konsessiya idarəçiliyi hüququnu satmağı təklif etdiklərini açıqlayıb. Onun sözlərinə görə, bu halda Rusiya da zərər görməyəcək.
“Rusiya bu hüququ Ermənistan üçün də, Rusiya üçün də məqbul olacaq hər hansı üçüncü ölkəyə sata bilər. Məsələn, bu, Qazaxıstan və ya başqa bir ölkə ola bilər. Bu, ən yaxşı həll və dostyana addımdır”, – Mirzoyan deyib.
Nazir Rusiyanın tərəfdaşlarının bu təklifə ilk reaksiyasının soyuq olmasını isə təbii hal adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.