Putin bir həftə ərzində ikinci dəfə yeni səfərbərlik olmayacağını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni səfərbərlik elan ediləcəyi ilə bağlı xəbərləri “informasiya hücumu” adlandırıb.
Putin bu barədə cümə axşamı Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, səfərbərliklə bağlı yayılan məlumatların məqsədi Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilərin gedişatını pozmaqdır.
“Hazırda səfərbərlik tələb edən heç bir ssenari yoxdur. Bu, sadəcə olaraq düşünülmüş informasiya əməliyyatıdır”, – Putin deyib.
Rusiya lideri bildirib ki, rusiyalılar Müdafiə Nazirliyi ilə müqavilələr imzalayaraq “könüllü şəkildə” Ukraynadakı müharibəyə, Kremlin ifadəsi ilə desək, “xüsusi hərbi əməliyyata” gedirlər.
Putin iddia edib ki, hazırda Rusiya ordusunun cəbhə üçün yeni hərbçilərin cəlb edilməsi ilə bağlı “heç bir problemi yoxdur”. O, Ukraynada isə silahlı qüvvələrin sayının azaldığını iddia edib.
“Hər ay mənfi 8-12 min nəfər”, – Rusiya Prezidenti Ukrayna ordusundakı itkiləri nəzərdə tutaraq bildirib.
Bu, Putinin bir həftə ərzində yeni səfərbərlik ehtimalını ikinci dəfə təkzib etməsidir. Bir gün əvvəl o, Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik elan edilə biləcəyi barədə yayılan xəbərləri “cəfəngiyyat” və “informasiya hücumu” adlandırmışdı.
Rusiyada yeni səfərbərliklə bağlı şayiələr yay aylarında artmağa başlayıb. “Z-kanallar” hələ iyul ayında yazırdı ki, cəbhəyə məcburi göndəriş 1,2 milyon nəfəri əhatə edə bilər.
Həmin iddialara görə, belə bir səfərbərlik Rusiya ilə qonşu ölkələr arasında qeyri-rəsmi razılaşmalarla da müşayiət oluna bilərdi. Sərhədlərin formal olaraq açıq qalmasına baxmayaraq, hərbi yaşda olan kişilərin qonşu dövlətlərə çıxışının faktiki olaraq məhdudlaşdırılacağı irəli sürülürdü.
Hazırda isə Rusiya hakimiyyəti yeni səfərbərliklə bağlı planların olmadığını bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.