POLITICO: BƏZİ RESPUBLİKALI NAMİZƏDLƏR TRAMPLA YAXIN ƏLAQƏDƏN ÇƏKİNİRLƏR

ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində bəzi respublikaçı namizədlər prezident Donald Trampın dəstəyini almaqdan çəkinirlər.
“Politico” qəzetinin yazdığına görə, çətin seçki ilə üzləşən bir çox respublikaçı Trampın reytinqində davam edən eniş fonunda prezidentlə həddindən artıq sıx əlaqənin onların seçki şanslarına mənfi təsir göstərə biləcəyindən narahatdır.
Nəşrin məlumatına görə, Trampdan uzaqlaşan namizədlər seçki kampaniyası üçün maliyyə dəstəyindən məhrum olmaq riski ilə üzləşirlər. Digər tərəfdən, administrasiya ilə sıx əməkdaşlıq da onların mövqelərinə zərər vura bilər.
Buna səbəb kimi İrana qarşı müharibənin və bunun fonunda qiymət artımının prezident administrasiyasına qarşı narazılığı artırması göstərilir.
“Politico”nun mənbələri bildiriblər ki, bəzi respublikaçı siyasətçilər Trampın seçki kampaniyası dövründə onların seçki dairələrinə səfər etməsini istəmədiklərini onun komandasına çatdırıblar.
Bəzi namizədlərə isə siyasi məsləhətçiləri kampaniya zamanı Trampın adını ümumiyyətlə çəkməməyi və ya administrasiyaya birbaşa istinadları minimuma endirməyi tövsiyə edirlər.
Bundan əvvəl “Wall Street Journal” da Trampa yaxın şirkətlərin respublikaçıların noyabr seçkilərində mümkün məğlubiyyətinə hazırlaşdığını və Demokrat Partiyasının rəğbətini qazanmağa çalışdığını yazmışdı.
ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın təxminən üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.