BMT-də dünyanın yeni xəritəsi ilə bağlı səsvermə keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu gün – sentyabrın 4-də xəritələrdə Merkator proyeksiyasından istifadədən imtina ilə bağlı qətnamə layihəsinə səs verəcək.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Təşəbbüsün müəllifi Toqonun xarici işlər naziri Robert Dusseyedir. Sənəddə qitələrin ölçülərini daha dəqiq əks etdirən və xüsusilə Afrikanın real miqyasını təhrif etməyən xəritədən istifadəyə keçid təklif olunur.
Toqonun xarici işlər nazirinin sözlərinə görə, qətnaməni Afrika İttifaqına üzv olan daha 54 ölkə dəstəkləyib.
Robert Dussey vurğulayıb ki, məsələ siyasi deyil, praktiki və elmi xarakter daşıyır.
“Bu müzakirə siyasi deyil, elmidir. Çünki elmi sübutlar mövcuddur və biz reallığı qəbul etməliyik”, – deyə nazir bildirib.
XVI əsrdə hazırlanmış Merkator proyeksiyası dünyanın ən geniş yayılmış xəritə sistemlərindən biridir. Lakin bu proyeksiyanın əsas çatışmazlığı qitələrin və ölkələrin ölçülərini düzgün əks etdirməməsidir.
Xüsusilə ekvatordan uzaq ərazilər xəritədə olduğundan daha böyük görünür. Nəticədə Afrikanın ərazisi digər qitələrlə müqayisədə vizual olaraq olduğundan daha kiçik təsir bağışlayır.
Yeni təşəbbüsün tərəfdarları hesab edirlər ki, xəritələrdə qitələrin real ölçülərinin daha düzgün göstərilməsi coğrafi təsəvvürlərin formalaşmasına da təsir edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.