Qazaxıstan: Rusiya və Ukraynadan müraciət daxil olarsa, danışıqlar dərhal nəzərdən keçiriləcək

Qazaxıstan Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların keçirilməsinə şərait yaratmağa hazır olduğunu bəyan edib.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi “RİA Novosti”yə açıqlamasında məlumat verib.
Nazirlikdən bildirilib ki, Astana münaqişənin dinc, siyasi və diplomatik üsullarla nizamlanmasını dəstəkləyir.
Qeyd edilib ki, tərəflərin razılığı olduğu təqdirdə Qazaxıstan danışıqların təşkili üçün platforma və müvafiq şərait təqdim edə bilər.
Bəyanata görə, Rusiya və Ukrayna tərəfindən rəsmi müraciət daxil olacağı halda məsələ bütün zəruri təşkilati və texniki tələblər nəzərə alınmaqla operativ şəkildə qiymətləndiriləcək.
Məlumat üçün bildirək ki, Türkiyə də sentyabrın 7-də Moskva ilə Kiyev arasında danışıqların keçirilməsinə vasitəçilik etməyə hazır olduğunu açıqlayıb. Ankara İstanbulun tərəflər arasında birbaşa təmasların təmin olunması baxımından əhəmiyyətli platforma olduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.