Le Figaro: ABŞ Rusiyanın seçkilərdən sonra danışıqlara hazır olduğunu açıqlayıb

Le Figaro: ABŞ Rusiyanın seçkilərdən sonra danışıqlara hazır olduğunu açıqlayıb
ABŞ nümayəndələri Rusiyanın Dövlət Dumasına keçiriləcək seçkilərdən sonra danışıqlara hazır olduğuna dair siqnallar verib.
“Le Figaro” qəzeti bu barədə Yelisey sarayındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ukraynada müharibə Rusiyada sentyabrın 18–20-də keçiriləcək seçkilərdən sonra yeni mərhələyə keçə bilər.
“Seçkilərdən sonra Rusiyanın yeni mövqeyini müəyyənləşdirmək lazım gələcək. Biz yeni başlanğıca hazırlaşmalıyıq”, – deyə Yelisey sarayındakı mənbələr bildirib.
Nəşr qeyd edir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Jared Kuşner və Stiv Uitkoffun həftəsonu əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfəri Parisdə müəyyən nikbinlik yaradıb.
Fransadakı mənbələrin sözlərinə görə, Ukrayna tərəfi ABŞ nümayəndələrinin Kiyevə səfərindən razı qalıb.
Bildirilir ki, amerikalı nümayəndələr atəşkəsə nail olmaq üçün yeni və əvvəlki təkliflərlə müqayisədə “daha effektiv” hesab olunan təşəbbüslər irəli sürüblər.
Beləliklə, Vaşinqtonun Moskva və Kiyev arasında danışıqlar prosesini yenidən hərəkətə gətirmək cəhdləri fonunda Rusiyada keçiriləcək seçkilərdən sonrakı dövr mühüm mərhələ kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.