Ukrayna PUA-ları Saratovu hədəfə alıb: 10 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları sentyabrın 8-nə keçən gecə Rusiyanın Saratov şəhərinə hücum edib.
Saratov vilayətinin qubernatoru Roman Busarginin sözlərinə görə, hücum nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib, 10 nəfər yaralanıb. Yaralananlar arasında üç uşaq da var.
Busargin bildirib ki, altı nəfər xəstəxanaya yerləşdirilib. Hücumdan zərər çəkən sakinlər üçün müvəqqəti yerləşdirmə məntəqəsi açılıb.
Qubernator hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Ukraynanın monitorinq teleqram kanalları “Exilenova+” və “Supernova+” isə hücumların Saratov Neft Emalı Zavoduna (NEZ) yönəldiyini bildiriblər. Zavod bundan əvvəl də dəfələrlə hücumların hədəfi olub.
Həmin teleqram kanallarının məlumatına görə, Saratov vilayətinin Engels şəhərində yerləşən hərbi aerodroma da hücum cəhdi olub. Sözügedən aerodrom da daha əvvəl Ukrayna tərəfindən həyata keçirilən hücumların hədəfinə çevrilib.
Hadisə ilə bağlı müstəqil təsdiqlənmiş əlavə məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.