AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa hüquq-mühafizə orqanlarından xəbərdarlıq: Gənclər arasında yeni ekstremizm forması yayılır

  • + A
  • - A
  • Bu gün, 10:23

    Avropa hüquq-mühafizə orqanlarından xəbərdarlıq: Gənclər arasında yeni ekstremizm forması yayılır


    Avropada hüquq-mühafizə orqanları sosial şəbəkələr və qapalı onlayn platformalar vasitəsilə yayılan yeni zorakı ekstremizm təhlükəsi ilə bağlı araşdırmaları genişləndirirlər.

    Məlumata görə, yeni tendensiyanın iştirakçıları ənənəvi siyasi və ya dini radikal qruplardan fərqlənirlər. Onların əsas məqsədləri arasında zorakı davranış nümayiş etdirmək, diqqət çəkmək və sosial mediada məşhurlaşmaq yer alır.

    Associated Press xəbər verir ki, Avropa İttifaqının terrorizmlə mübarizə koordinatoru Bartjan Vegter bu təhlükəni zorakılığın ideologiyadan asılı olmayaraq məqsədə çevrilməsi kimi xarakterizə edib.

    Vegterin sözlərinə görə, yeniyetmələr zorakı hadisələrin görüntülərini paylaşır, törədilən cinayətləri müzakirə edir və bir-birlərini real həyatda analoji əməllərə təşviq edirlər.

    İyun və iyul aylarında doqquz Avropa ölkəsində keçirilən hüquq-mühafizə əməliyyatı zamanı bu icmalardan biri ilə əlaqəli təxminən 4 340 internet ünvanı aşkarlanıb.

    Araşdırmalar zamanı həmin icmanın vahid rəhbərliyə və təşkilati struktura malik olmadığı müəyyənləşdirilib. Bu səbəbdən onun iştirakçılarının müəyyən edilməsi və fəaliyyətinin qarşısının alınması daha mürəkkəb xarakter daşıyır.

    İştirakçıların sosial şəbəkələrdən qapalı çatlara və şifrələnmiş platformalara keçdiyi bildirilir. Bəzi hallarda yeniyetmələrin şantaj və psixoloji təzyiq yolu ilə özlərinə və ya digər şəxslərə zərər vurmağa məcbur edildiyi qeyd olunur.

    Avropa hüquq-mühafizə orqanları həmçinin əvvəllər məhkum olunmayan və tanınmış radikal təşkilatlarla əlaqəsi olmayan şəxslərin mümkün fəaliyyətindən narahatdırlar.

    Avropolun məlumatına görə, 2025-ci ildə Aİ-nin 10 ölkəsində 45 terror aktı qeydə alınıb. Bu göstəriciyə qarşısı alınmış və baş tutmayan terror cəhdləri də daxildir. Hücumlar nəticəsində 6 nəfər ölüb, 21 ölkədə isə terror fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilən 486 nəfər saxlanılıb.

    Avropa qurumları yeni təhlükənin qarşısının alınması üçün rəqəmsal araşdırma vasitələrinin təkmilləşdirilməsini təklif edirlər. Bununla belə, qapalı yazışmalara nəzarətin artırılması ilə vətəndaşların şəxsi həyatının toxunulmazlığının qorunması arasında balansın təmin edilməsi əsas məsələlərdən biri olaraq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR