AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniyada rekord istilər: 2026-cı ilin yayı tarixə düşdü

  • + A
  • - A
  • Bu gün, 22:23

    İspaniyada rekord istilər: 2026-cı ilin yayı tarixə düşdü



    İspaniya 2026-cı ilin yayını rekord istilərlə başa vurub. Ölkədə 61 gün ərzində ekstremal yüksək temperatur qeydə alınıb. Bu, meteoroloji müşahidələrin aparıldığı bütün dövr üzrə ən yüksək göstəricidir. Əvvəlki rekord 2022-ci ildə qeydə alınmış 41 gün olub.

    İspaniyanın Milli Meteorologiya Agentliyinin məlumatına görə, 2026-cı ilin yayı ölkə tarixində ən isti yay olub. 1961-ci ildən aparılan müşahidələrə əsasən, mövsüm ərzində orta temperatur 24,5 dərəcə Selsi təşkil edib. Bu göstərici 2025-ci ildə qeydə alınmış əvvəlki rekorddan 0,3 dərəcə, 1991–2020-ci illərin orta göstəricisindən isə 2,4 dərəcə yüksəkdir.

    Ölkənin materik hissəsində və Balear adalarında yay boyu dörd anomal isti hava dalğası müşahidə olunub. Onlardan biri sentyabrın əvvəlində altı gün davam edib. Beləliklə, yayın təxminən hər üç günündən ikisi ekstremal istilərlə müşayiət olunub.

    Ən uzun və intensiv isti hava dalğası iyul ayında qeydə alınıb. Bu zaman 37 əyalət təsirə məruz qalıb, temperatur anomaliyası isə 3,9 dərəcəyə çatıb. İyul və avqust aylarında isti hava dalğaları müvafiq olaraq 23 və 24 gün davam edib.

    İstiliklər insan tələfatına da səbəb olub. İspaniya Səhiyyə Nazirliyinin gündəlik ölüm hallarının monitorinq sistemi olan MoMo-nun məlumatlarına görə, 15 may–31 avqust tarixləri arasında yüksək temperaturla əlaqəli səbəblərdən təxminən 5 min 234 nəfər həyatını itirib. Bu, sistemin 2015-ci ildə fəaliyyətə başlamasından bəri yay mövsümü üzrə ən yüksək göstəricidir.

    Mütəxəssislər ekstremal hava hadisələrinin və istilik dalğalarının tezliyinin artmasını antropogen iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.

    Maraqlıdır ki, İspaniyada ən isti 10 yay mövsümünün hamısı XXI əsrdə qeydə alınıb. Ən isti səkkiz yay mövsümündən yeddisi isə 2015-ci ildən sonrakı dövrə təsadüf edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR