Axios: ABŞ-da seçkilərdən əvvəl təxminən 1 milyon vətəndaşa 500 dollar ödənilməsi planlaşdırılır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresə keçiriləcək aralıq seçkilərdən əvvəl güzəştli tibbi sığorta proqramında iştirak edən təxminən 1 milyon amerikalıya hər birinə 500 dollar ödəməyi planlaşdırır. Bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.
Söhbət kommersiya tibbi sığortası olmayan ABŞ vətəndaşları üçün nəzərdə tutulan və 44-cü prezident Barak Obamanın adı ilə “Obamacare” adlandırılan məcburi tibbi sığorta proqramından gedir.
Tramp administrasiyası hesab edir ki, son illərdə proqramın sığorta fondlarında iştirakçıların artıq ödənişləri nəticəsində əlavə vəsait yaranıb. Güzəştli tibbi sığorta proqramı çərçivəsində xərclərin azaldılması istiqamətində həyata keçirilən siyasət də əlavə vəsaitlərin formalaşmasına səbəb olub.
Mənbələrin məlumatına görə, həmin vəsaitlər dövlət hesablarına daxil olub və indi Tramp administrasiyası təxminən 1 milyon amerikalıya 500 dollarlıq kompensasiya çekləri göndərməyi planlaşdırır.
Axios qeyd edir ki, Tramp bu ödənişləri səhiyyə sahəsində administrasiyasının uğuru kimi seçicilərə təqdim etmək və bununla da Respublikaçılar Partiyasına dəstəyi artırmaq niyyətindədir.
Tramp sentyabrın 10-da başqa bir açıqlamasında da vəd edib ki, Respublikaçılar Konqresin hər iki palatasına nəzarəti qoruyub saxlayacağı təqdirdə, yetkinlik yaşına çatmış amerikalılara 5 min dollar məbləğində ödəniş ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.