Tokayevdən Trampa yeni dəvət: G20 sammitində görüş təklifi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ lideri Donald Trampı Qazaxıstana rəsmi səfərə dəvət edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tokayev Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qorla görüşüb. Görüşdə Qor Donald Trampın Qazaxıstanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Tokayevə göndərdiyi təbriki çatdırıb.
Qazaxıstan Prezidenti Trampa təşəkkürünü bildirib və onu ölkəsinə səfərə dəvətini yenidən ifadə edib.
Tokayev eyni zamanda dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə qatılmağı planlaşdırdığını açıqlayıb. O qeyd edib ki, bu tədbir ABŞ və Qazaxıstan arasında ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı platforma ola bilər.
Qazaxıstan lideri iki ölkə arasında əməkdaşlığın inkişafında praktiki nəticələrə və konkret addımlara önəm verdiklərini deyib.
Serxio Qor isə ABŞ və Qazaxıstan prezidentləri arasında sıx təmasların ikitərəfli münasibətləri yüksək səviyyəyə çıxardığını vurğulayıb.
Tərəflər görüş zamanı süni intellekt və rəqəmsallaşma sahələrində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.