Almaniyada AfD liderinin miqrantlarla bağlı sözləri qalmaqal yaratdı

Almaniyanın sağçı AfD partiyasının Saksoniya-Anhalt üzrə lideri Ulrix Ziqmundun miqrantların deportasiyası ilə bağlı açıqlaması ölkədə ciddi siyasi reaksiyalara səbəb olub.
“The Telegraph”ın məlumatına görə, Ziqmund “remiqrasiya” siyasətinin həyata keçirilməsi zamanı hərbi sənaye tərəfindən istehsal olunan silahlardan da istifadə edilə biləcəyini istisna etməyib.
Siyasətçi bu fikirləri Maqdeburqda İsrailin “Elbit Systems” şirkətinin Zangerhauzendə istehsal müəssisəsi yaratmaq planları ilə bağlı keçirilən mətbuat konfransında səsləndirib.
Ziqmund bildirib ki, gələcək deportasiya kampaniyaları üçün müvafiq resursların mövcud olması vacibdir.
Onun sözlərinə görə, daxili təhlükəsizlik, milli sabitlik və müdafiə məsələləri də bu prosesdə nəzərə alınmalıdır.
Açıqlamadan sonra Ziqmundun ofisi məsələyə münasibət bildirərək siyasətçinin sözlərini izah etməyə çalışıb. Ofisdən qeyd olunub ki, müdafiə sənayesi yalnız silah istehsalı ilə məhdudlaşmır. Buraya təhlükəsizlik qüvvələrinin istifadə etdiyi nəqliyyat vasitələri, avadanlıqlar və texnologiyalar da daxildir.
Ziqmundun mövqeyi müxalifət partiyalarının tənqidinə tuş gəlib. BSW deputatı Klaudiya Vitte deportasiyaların hərbi əməliyyat olmadığını və hərbi silahlardan istifadə edilə bilməyəcəyini deyib.
SPD nümayəndəsi Katya Pahle açıqlamanı “siyasi təhdid” adlandırıb. Yaşıllar Partiyasından İrene Mixaliç və Feliks Banaszak isə Ziqmundun fikirlərini “dərin şok” və “narahatedici” kimi qiymətləndiriblər.
AfD-nin “remiqrasiya” konsepsiyası qanunsuz miqrantların, xarici cinayət törətmiş şəxslərin və sığınacaq müraciəti rədd edilən şəxslərin ölkədən çıxarılmasını nəzərdə tutur.
Xatırladaq ki, Ziqmund 2026-cı ildə Saksoniya-Anhalt üzrə seçkilərdə 43,8 faiz səs toplayıb. Buna baxmayaraq, AfD əyalətdə hökumət qurmaq üçün kifayət qədər mandat əldə etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.