Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dronun qalıqları tapılıb

Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dronun qalıqları tapılıb
Almaniyanın Aşağı Saksoniya əyalətində naməlum pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.
Polis Hannover yaxınlığında, Ştaynхude gölünün şərqində, Vunstorf hərbi aerodromundan təxminən bir kilometr məsafədə genişmiqyaslı axtarış əməliyyatı keçirir. Dronun qalıqları yaşayış olmayan ərazidə, lakin hərbi aerodromun ərazisindən kənarda tapılıb.
Məlumata görə, hadisə ilə bağlı informasiya Aşağı Saksoniya Kriminal Polis İdarəsinə hələ bazar ertəsi daxil olub. Çərşənbə axşamından etibarən onlarla polis əməkdaşı ərazidə pilotsuz uçuş aparatının digər hissələrini axtarır.
Vunstorf aerodromundan Almaniya Bundesverinin hərbi-nəqliyyat təyyarələri, o cümlədən Airbus A400M-lər istifadə edir.
Hazırda dronun kimə məxsus olduğu və onu kimin idarə etdiyi məlum deyil. Hüquq-mühafizə orqanları əlavə qalıqların tapılacağına və onların araşdırılmasından sonra pilotsuz aparatın hansı şəraitdə qəzaya uğradığının müəyyənləşdiriləcəyinə ümid edir.
Aşağı Saksoniya Kriminal Polis İdarəsi hadisəni mümkün təhlükənin qarşısının alınması baxımından araşdırır. İstintaqçılar dronun kəşfiyyat məqsədilə uçuş həyata keçirməsi ehtimalını da, onun əraziyə təsadüfən və ya zərərsiz səbəbdən düşməsi variantını da istisna etmirlər.
Polis hazırda əhali üçün hər hansı təhlükə əlamətinin olmadığını bildirir.
Axtarışların genişmiqyaslı olmasının əsas səbəblərindən biri ərazinin böyük və yaşayışsız olmasıdır. Dronun xırda hissələrini hündür otlar və kolluqlar arasında tapmaq çətinlik yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.