BU DƏNİZ LİMANI LİMANI NATO STANDARTLARINA UYĞUNLAŞDIRILIR

Avropa İnvestisiya Bankı Litvanın ən böyük dəniz limanı olan Klaypedanın modernləşdirilməsi üçün ölkəyə 100 milyon avro kredit ayıracaq.
Layihənin əsas məqsədi Klaypeda limanının Baltik regionunda müdafiə, enerji və ticarət baxımından strateji əhəmiyyətini artırmaqdır.
Kredit vəsaiti liman infrastrukturunun genişləndirilməsi və yenilənməsinə yönəldiləcək. Layihə çərçivəsində mülki kruiz terminalının bir hissəsi NATO tələblərinə uyğunlaşdırılacaq. Bununla liman müttəfiq ölkələrin hərbi gəmilərinə daha səmərəli xidmət göstərə biləcək. Eyni zamanda terminalın mülki daşımalar üçün istifadəsi də davam etdiriləcək.
Ümumi dəyəri təxminən 201 milyon avro olan layihənin 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Avropa İnvestisiya Bankının krediti xərclərin təxminən yarısını qarşılayacaq. Qalan vəsait isə Avropa İttifaqının büdcəsi, milli mənbələr və digər maliyyə qurumları hesabına təmin olunacaq.
Modernləşdirmə proqramı çərçivəsində bərələr üçün qurudan elektrik enerjisi təmin edən infrastrukturun yaradılması, ekoloji təmiz hidrogenin istehsalı və yanacaq kimi istifadəsi, aşağı emissiyalı gəmilərin tətbiqi də nəzərdə tutulur.
Bundan başqa, dəniz külək enerjisi obyektlərinə xidmət göstərəcək körpülər yenidən qurulacaq, dibdərinləşdirmə işləri aparılacaq və dalğaqıran qurğular möhkəmləndiriləcək.
Klaypeda limanının coğrafi mövqeyi onun NATO-nun Baltik regionundakı əməliyyatları üçün strateji əhəmiyyətini artırır. Liman infrastrukturunun ikili təyinat prinsipi ilə uyğunlaşdırılması həm hərbi mobilliyə, həm də mülki daşımalar və yerli iqtisadiyyatın ehtiyaclarına xidmət etməyə imkan verəcək.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Karl Nehammer bildirib ki, Klaypeda layihəsi Avropanın prioritetlərini əyani şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, yatırımlar həm Avropanın təhlükəsizliyinin və birliyinin gücləndirilməsinə, həm də yaşıl keçid məqsədlərinə xidmət edir.
Klaypeda limanı Avropa İttifaqının Trans-Avropa Nəqliyyat Şəbəkəsinin əsas hissəsinə daxildir. Yenilənmiş liman infrastrukturu Klaypedanın dəniz külək elektrik stansiyalarının tikintisi və texniki xidmətində əsas logistika mərkəzlərindən birinə çevrilməsinə imkan verməlidir.
Klaypeda Dövlət Dəniz Limanı Direksiyasının baş direktoru Algis Latakas isə limanın Litvanın iqtisadiyyatı, enerji və milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.