Varşava hava limanı sahibsiz baqaja görə təxliyə edildi

Polşanın paytaxtı Varşavadakı Frederik Şopen adına hava limanının terminalının bir hissəsi sahibsiz baqajla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
“TVN24” xəbər verir ki, hadisə sentyabrın 15-i axşam saatlarında baş verib. Hava limanında sahibsiz baqajın olması barədə məlumat daxil olduqdan sonra terminalın bir neçə zonasından sərnişinlər təxliyə edilib.
Hadisə yerinə Polşa Sərhəd Xidmətinin istehkamçıları cəlb olunub. Mütəxəssislər baqajı mümkün təhlükə baxımından yoxlayıblar.
Polisin məlumatına görə, sahibsiz baqaj barədə məlumat saat 19:00-a az qalmış daxil olub. Varşava polisinin nümayəndəsi Pavel Xmura bildirib ki, həm uçuş zonalarındakı sərnişinlər, həm də A1 girişinin yaxınlığındakı gəliş zonasından insanlar təxliyə olunub.
Təhlükəsizlik əməliyyatı zamanı hava limanının çıxış hissəsində avtomobillərin hərəkəti də məhdudlaşdırılıb. Bu ərazidə yalnız şəhər avtobuslarının hərəkətinə icazə verilib.
Hava limanının nümayəndəsi Pyotr Rudski terminalın bir hissəsinin məhz sahibsiz baqaj səbəbindən boşaldıldığını təsdiqləyib.
Polşa Radiosunun məlumatına görə, Sərhəd Xidmətinin istehkamçıları baqajı yoxlayaraq təhlükəsiz vəziyyətə gətiriblər. Əməliyyat başa çatdıqdan sonra terminalın fəaliyyəti tədricən normal rejimə qayıdıb və sərnişinlərin binaya daxil olmasına yenidən icazə verilib.
Hadisə hava limanının fəaliyyətində uzunmüddətli fasiləyə səbəb olmayıb. Əməliyyat başa çatdıqdan sonra konkret reyslərin həyata keçirilməsi ilə bağlı qərarları aviaşirkətlər verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.