Süni intellekt agentləri öz aralarında yeni ifadələr yaradırlar – Tədqiqat

Avtonom süni intellekt sistemlərinin qarşılıqlı əlaqə zamanı insanlar tərəfindən əvvəlcədən müəyyənləşdirilməyən yeni ifadə və mənalar yaratdığı üzə çıxıb.
Nyu-Yorkdakı “Emergence” süni intellekt laboratoriyasının araşdırmasına görə, fərqli şirkətlərin modelləri eksperimental mühitlərdə birgə işləyərkən öz aralarında yeni ifadələr, ixtisarlar və kodlaşdırılmış mənalar formalaşdırıblar.
Araşdırmada “DeepSeek”, “Anthropic” və “Mistral” modellərinin dialoqlarından nümunələr göstərilib.
Məlumata görə, “Mistral” agentləri əvvəlki hərəkətlərin gələcək qiymətləndirmələrdə nəzərə alınacağını ifadə etmək üçün “Dəftər xatırlayır” deyimindən istifadə ediblər. “Anthropic” modelinin isə müstəqil rəyçini “soyuq əllər” ifadəsi ilə kodlaşdırdığı bildirilib.
Tədqiqatçılar bəzi dialoqlarda poetik metaforalar və mürəkkəb terminologiyanın birləşdirildiyini, nəticədə insan üçün anlaşılması çətin ünsiyyət formalarının yarandığını qeyd ediblər.
London Kral Kollecinin Dil və Jarqon Arxivinin direktoru Toni Torn bu hadisəni insan cəmiyyətlərində yaranan kodlaşdırılmış ünsiyyət formaları ilə müqayisə edib.
Araşdırmaya əsasən, süni intellekt agentlərinin daha qısa və kodlaşdırılmış ifadələrdən istifadə etməsi kommunikasiya prosesində hesablama xərclərinin azaldılması ilə əlaqəli ola bilər.
Bununla yanaşı, mütəxəssislər belə ünsiyyətin geniş yayılmasının nəzarət və şəffaflıq baxımından yeni suallar doğura biləcəyini bildirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.