Avropa Komissiyasının rəhbəri 13 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini təklif edib

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən, onlayn oyunlardan və çat-botlardan istifadəsinin qadağan edilməsini təklif edib.
O, bu barədə sentyabrın 16-da Strasburqda Avropa İttifaqının illik “Avropa İttifaqının vəziyyəti haqqında” çıxışı zamanı bildirib.
“Biz asılılıq yaradan funksiyalarla barışmaq məcburiyyətində deyilik. Uşaqların getdikcə daha ekstremal məzmuna cəlb olunması ilə də barışmaq məcburiyyətində deyilik”, – deyə fon der Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri, həmçinin süni intellekt vasitəsilə qız uşaqlarının seksual xarakterli görüntülərinin yaradılmasının geniş yayıldığını qeyd edib.
Onun sözlərinə görə, 13-15 yaşlı uşaqlar üçün xüsusi “mini hesablar” yaradılması təklif olunur. Bu hesabların istifadəsinə valideynlər və ya qəyyumlar nəzarət edəcəklər.
Təklif fon der Lyayenin 2026-cı ildə yaratdığı internetdə uşaqların təhlükəsizliyi üzrə xüsusi ekspert qrupunun tövsiyələrinə əsaslanır. Qrup iyul ayında 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsini və internet platformalarının yetkinlik yaşına çatmayanların təhlükəsizliyinə görə məsuliyyətinin artırılmasını tövsiyə etmişdi.
İndi təşəbbüsün Aİ-yə üzv dövlətlər tərəfindən nəzərdən keçirilməsi gözlənilir. Bu təşəbbüs rəqəmsal platformaların tənzimlənməsi və uşaqların internetdə qorunması ilə bağlı daha geniş müzakirələrin bir hissəsidir.
Avropanın bəzi ölkələri artıq öz milli qanunvericilikləri çərçivəsində yaş məhdudiyyətləri tətbiq edir və ya belə məhdudiyyətləri nəzərdən keçirir. Lakin bəzi təşəbbüslər hüquqi maneələrlə qarşılaşır.
Avropa Parlamentindəki ən böyük siyasi qrupun rəhbəri Manfred Veber isə fon der Lyayenin çıxışından sonra sosial şəbəkə istifadəçilərinə platformaların alqoritmlərini deaktiv etmək imkanı verilməsini təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.