İran Baş Qərargah rəisinin müavini: ABŞ-ın regionda qalması ağır itkilərə səbəb olacaq

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, briqada generalı Kiyumərs Heydəri ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə fəaliyyətini davam etdirməsinin Vaşinqton üçün “ağır itkilərlə” nəticələnəcəyini bildirib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, müharibə zamanı İran əhəmiyyətli uğurlar əldə edib. Heydəri bildirib ki, ABŞ hərbçilərinin bir qismi artıq ölkəsinə qayıdır, digərlərinin isə dənizdə həlak olmaq təhlükəsi var.
İranlı general ABŞ-ın regiondakı hərbi mövcudluğunu tənqid edib və Vaşinqtonun hərbi müdaxiləni davam etdirəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini xəbərdar edib.
Heydərinin açıqlamaları Hörmüz boğazı ətrafında gərginliyin davam etdiyi bir vaxtda səslənib. İran bu su yolunu regionun əsas strateji ərazilərindən biri hesab edir.
Daha əvvəl, sentyabrın 7-də Heydəri Hörmüz boğazının strateji əhəmiyyətindən də danışmışdı. Onun sözlərinə görə, İranın ali lideri Ayətullah Müctəba Xameneinin rəhbərliyi və İran silahlı qüvvələrinin imkanları sayəsində ölkənin bu ərazidə region və dünya proseslərinə əhəmiyyətli təsir göstərə biləcək potensialı var.
Kiyumərs Heydəri 2026-cı ilin avqustunda İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.