Belçikada deputat parlamentin tualetində 13 saat qalıb

Belçikada Flamand Parlamentinin deputatı Frederik Erens təxminən 13 saat tualetdə bağlı vəziyyətdə qalıb.
58 yaşlı deputat bildirib ki, qapını bağlayarkən kilid mexanizminin bir hissəsi sınıb və qapını aça bilməyib. Telefonunu iş masasının üzərində qoyduğundan kömək çağıra bilməyən Erens gecəni tualetdə keçirməli olub.
İçəridə havanın ağırlaşmasından sonra deputat metal əşyadan istifadə edərək qapının yuxarı və aşağı hissəsində dəliklər açıb. Yanğına davamlı qapı səbəbindən tualetdə hava dövranının məhdud olduğu bildirilib.
Erens səhər saat 06:00 radələrində təmizlik işçiləri tərəfindən aşkarlanıb. Qapı lomla açılıb və deputat tualetdən çıxarılıb.
Tənəffüs çətinliyi yaşayan Erens Brüsseldəki “Saint-Jean” xəstəxanasına aparılıb. Daha sonra onun xəstəxanadan buraxıldığı və səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Frederik Erens “Vlaams Belang” partiyasının üzvüdür və 2024-cü ildən Flamand Parlamentində Vlaams-Brabant seçki dairəsini təmsil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.