Uqandada kral varisliyi ilə bağlı qalmaqal böyüyür

Uqandanın Toro Krallığında yeni kralın müəyyənləşdirilməsi ilə bağlı yaranmış fikir ayrılığı davam edir.
Mərhum Kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin ölümündən sonra kral varislik komitəsinin seçdiyi Corc Desmond Kamurasi taxtdan imtina edib.
36 yaşlı Kamurasi Londonda İngiltərə futbolunun doqquzuncu liqasında çıxış edən “Si Dons” klubunun kapitanı və qapıçısıdır. O, 21 üzvdən ibarət komitədə keçirilən səsvermədə 18 iştirakçıdan 15-nin səsini əldə edib.
Bununla belə, Kamurasi digər öhdəliklərini əsas gətirərək kral olmağa razılaşmayıb.
Onun imtinasından sonra komitə Şahzadə Edvard Rukidi Kiyanangomanı varis seçib. Lakin mərhum kralın ailə üzvləri bu qərarı da qəbul etməyib.
Mübahisə fonunda kral ailəsində qarşılıqlı iddialar səsləndirilib. Kralın anası və ailənin digər üzvləri faktiki olaraq ev dustaqlığında saxlandıqlarını bildiriblər.
Şahzadə Rut Komuntale isə ona və Kraliça Anna Best Kemigisaya qarşı sui-qəsd hazırlandığını iddia edib. O, Kral Oyonun 2022-ci ildə hazırladığı bildirilən vəsiyyətnaməni də ictimaiyyətə açıqlayıb.
Məlumata görə, vəsiyyətnamədə adı açıqlanmayan “bioloji oğul” kralın varisi kimi göstərilib. Bu iddia Toro elitasında təəccüblə qarşılanıb.
Üç yaşında taxta çıxan Kral Oyo 31 il Toro Krallığının rəhbəri olub. O, 34 yaşında ABŞ-də xərçəng müalicəsi aldığı zaman vəfat edib.
Dəfn mərasimində çıxış edən Uqanda Prezidenti Yoveri Museveni tərəfləri mübahisənin sülh və qanuni yollarla həllinə çağırıb.
Kraliça Anna Best Kemigisa isə ailənin oğullarının itkisinə yas tutmalı olduğunu bildirib və taxt uğrunda mübarizənin dayandırılmasına çağırış edib.
Qeyd edək ki, Uqanda respublika idarəetmə formasına malikdir. Bununla belə, ölkədə dörd ənənəvi krallıq rəsmi şəkildə tanınır və onların əsas fəaliyyəti mədəni xarakter daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.