İspaniyada güclü yağışlar nəticəsində bir nəfər ölüb

İspaniyanın Kataloniya muxtar vilayətində güclü yağışlar nəticəsində bir nəfər həyatını itirib.
Kataloniya hökumətinin başçısı Salvador İlya bildirib ki, ölən şəxsin meyiti Barselona əyalətinin Qarraf bölgəsində aşkarlanıb. İspaniya mediasının məlumatına görə, meyit güclü su axınının apardığı avtomobildən təxminən 500 metr aralıda tapılıb.
Güclü yağışlar Kataloniyada və Valensiya muxtar birliyində çoxsaylı insidentlərə və daşqınlara səbəb olub.
Salvador İlya hadisə ilə bağlı başsağlığı verərək, “Qarraf bölgəsində güclü yağışlar nəticəsində bir kişinin həlak olması məni kədərləndirir. Onun ailəsinə və yaxınlarına səmimi başsağlığı verirəm”, – deyə bildirib.
Bundan əvvəl Kataloniya hakimiyyəti güclü yağışlarla əlaqədar Barselona və Maresme bölgələrinin sakinlərinin mobil telefonlarına təcili xəbərdarlıq göndərib.
Sakinlərdən mülki müdafiə xidmətlərinin göstərişlərinə əməl etmək, çaylara, dərələrə və yarğanlara yaxınlaşmamaq, avtomobilləri su basması riski olan ərazilərdə saxlamamaq və maksimum ehtiyatlı olmaq tələb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.