“Crocus City Hall” hücumunda iştirak edən şəxslərlə əlaqəli əfqan ABŞ-də məhkum edildi

2021-ci ildə Kabil hava limanı yaxınlığında baş vermiş partlayışın təşkilində iştirak edən Məhəmməd Şərifullah ABŞ-də 20 il müddətinə həbs cəzasına məhkum edilib.
Bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, Şərifullahın 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən silahlı hücumla bağlı istintaqda da adı keçir. O, hücumu həyata keçirən şəxslərin koordinasiyasında iştirak etməkdə təqsirləndirilib.
İstintaq materiallarına əsasən, Şərifullah 2021-ci ildə Kabil hava limanının əsas girişinə gedən yolu əvvəlcədən yoxlayıb və həmin istiqamətin açıq olduğu barədə məlumat verib. Bir neçə saat sonra baş verən partlayış nəticəsində 13 ABŞ hərbçisi və 160-dan çox mülki şəxs həlak olub.
Həmçinin onun “Crocus City Hall”a hücum edən şəxslərlə əlaqə saxladığı və onlara AK tipli silahlardan istifadə ilə bağlı təlimatlar verdiyi bildirilib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Şərifullah 2016–2025-ci illər ərzində İŞİD-in 10-dan çox hücumunda iştirak edib.
Şərifullah 2025-ci ildə Pakistan-Əfqanıstan sərhədi yaxınlığında saxlanılıb və ABŞ-yə ekstradisiya olunub. Dindirmə zamanı onun Kabil hava limanı yaxınlığındakı hücumda, həmçinin Rusiya və İran ərazisində törədilən bir sıra hücumlarda iştirak etdiyini etiraf etdiyi bildirilib.
Qeyd edək ki, “Crocus City Hall”da törədilən silahlı hücum zamanı konsert zalında yanğın baş verib və 145 nəfər həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.