Paşinyan rus dili öyrənir: “Nəyə görə yalnız ingilis dili?”

Ermənistan Baş naziri Nikol Paşinyan Dövlət İdarəçilik Akademiyasında rus dili kursunda iştirak etdiyini açıqlayıb.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Paşinyan hökumətin iclasında çıxışı zamanı xarici dillərin öyrənilməsi məsələsinə toxunaraq, dövlət qulluqçularının yalnız ingilis dilinə deyil, digər xarici dillərə də yiyələnə biləcəyini bildirib.
“Nəyə görə yalnız ingilis dili? Mən, məsələn, Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərinə gedirəm. Başqa biri yapon, çin, ispan, alman dili kurslarına gedə bilər”, - deyə Ermənistan Baş naziri qeyd edib.
Paşinyanın açıqlaması Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət qulluqçularının daha səmərəli çalışmaları üçün xarici dilləri, ilk növbədə ingilis dilini öyrənməli olduqları barədə fikirlərindən sonra səslənib.
Qeyd edək ki, Paşinyan sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində ilk dəfə erməni dilində çıxış edib. Əvvəlki iclasda isə onun çıxışı rus dilində olub. Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov sonuncu çıxışı şərh edərək Paşinyanın erməni dilində çıxış etməsinin ona qəribə təsir bağışladığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.