Kanada NATO ölkələrinin Birgə Ekspedisiya Qüvvələrinə qoşulmaq üçün müraciət edib

Kanada NATO ölkələrinin rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinə – JEF-ə qoşulmaq üçün rəsmi müraciət edib.
CBC telekanalının məlumatına görə, bu barədə Kanadanın Baş naziri Mark Karni britaniyalı həmkarı Endi Börnhəmlə görüşü zamanı açıqlama verib. Karni JEF-i “mühüm təşəbbüs” adlandırıb və Kanada ilə Böyük Britaniya arasında müdafiə sahəsində digər əməkdaşlıq istiqamətlərini də qeyd edib.
Bildirilib ki, Böyük Britaniya Kanadanı JEF-ə qoşulmağa hələ 10 ildən əvvəl dəvət edib. Məsələ 2014-cü ildə NATO-nun Uels sammitində müzakirə olunsa da, həmin vaxt Baş nazir Stiven Harperin rəhbərlik etdiyi Kanada hökuməti təşəbbüsə qoşulmaqdan imtina edib.
Həmin dövrdə Kanada hərbçiləri də JEF-də iştirakla bağlı ehtiyatlı mövqe nümayiş etdiriblər. Kanada Birləşmiş Əməliyyatlar Komandanlığının o zamankı rəhbəri general-leytenant Conatan Vens xəbərdarlıq edib ki, JEF-də iştirak ölkənin silahlı qüvvələri üçün ciddi öhdəliklər yarada və gələcək böhranlar zamanı hökumətin qərarvermə azadlığını məhdudlaşdıra bilər.
Kanadanın JEF çərçivəsində fəaliyyətə hansı formada qoşulacağı isə hələ açıqlanmayıb. Ölkənin müdafiə qərargahının hazırkı rəisi general Cennie Karinyan da mümkün üzvlüklə bağlı hələlik ictimai açıqlama verməyib.
JEF Əfqanıstanda müharibə zamanı NATO ölkələrinin hərbi qüvvələri arasında formalaşmış əməkdaşlıq əlaqələrini qorumaq məqsədilə yaradılıb. Təşkilatın ilkin konsepsiyasına əsasən, Böyük Britaniya komanda strukturunu və əsas hərbi imkanların bir hissəsini təmin edir, digər ölkələr isə konkret vəziyyətdən asılı olaraq öz qüvvələrini təqdim edirlər.
2014-cü ildə Böyük Britaniya, Danimarka, Estoniya, Latviya, Litva, Niderland və Norveç JEF-in yaradılması barədə razılığa gəliblər. 2017-ci ildə Finlandiya və İsveç, 2021-ci ildə isə İslandiya quruma qoşulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.