AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kral III Çarlz süni intellektin ekzistensial təhlükələri barədə xəbərdarlıq edib

  • + A
  • - A
  • Bu gün, 21:23

    Kral III Çarlz süni intellektin ekzistensial təhlükələri barədə xəbərdarlıq edib

    Kral III Çarlz süni intellektin “ekzistensial təhlükələri” barədə xəbərdarlıq edib
    Böyük Britaniya kralı III Çarlz süni intellekt texnologiyasının yanlış əllərə keçəcəyi təqdirdə ciddi, hətta ekzistensial təhlükələr yarada biləcəyini bildirib.

    Kral bu barədə Şotlandiyada, Dumfries House-da təşkil etdiyi süni intellekt sammitində danışıb. Süni intellektin cəmiyyətin rifahı naminə istifadəsi məsələlərinin müzakirə olunduğu görüşdə “Nvidia”, “OpenAI” və “Anthropic” kimi aparıcı şirkətlərin nümayəndələri, Böyük Britaniyanın süni intellekt məsələləri üzrə naziri Kanişka Narayan və Roma Papasının müşaviri də iştirak edib.

    III Çarlz bildirib ki, süni intellekt texnologiyasını yaradan şəxslərin özləri də onun gələcəkdə daha təhlükəli imkanlar əldə edə biləcəyi barədə xəbərdarlıqlar edirlər. Kralın sözlərinə görə, bu imkanlar hətta insanların həyatını təhlükə altına salmaq səviyyəsinə çata bilər.
    O, süni intellektdən katastrofik məqsədlərlə istifadə risklərinin təcili şəkildə qiymətləndirilməsinin vacibliyini vurğulayıb. III Çarlz iştirakçıları texnologiyanın yalnız inkişafına deyil, onun insanlığın, cəmiyyətin və təbiətin xidmətində qalmasına diqqət yetirməyə çağırıb.

    Sammitin əsas məqsədlərindən biri süni intellektin gələcək tətbiqini müəyyənləşdirə biləcək ümumi prinsiplərin hazırlanması imkanlarını müzakirə etmək olub.
    “Nvidia” şirkətinin rəhbəri Censen Huang da təhlükəsizliyin əsas prioritet olması fikrini dəstəkləyib. O bildirib ki, məhsul kifayət qədər təhlükəsiz deyilsə, onun bazara çıxarılması təxirə salınmalı və texnologiyanın inkişafı davam etdirilməlidir. Huang eyni zamanda süni intellekt üzrə açıq modellərin daha geniş yayılmasının tərəfdarı olduğunu bildirib.

    “DeepMind” laboratoriyasının həmtəsisçisi Demis Hassabis isə süni ümumi intellektin – insan səviyyəsində geniş spektrli tapşırıqları yerinə yetirə və bəzi hallarda insanı üstələyə bilən sistemlərin – yaxın bir neçə il ərzində ortaya çıxa biləcəyini deyib.

    Hassabisin sözlərinə görə, belə texnologiyanın təsiri sənaye inqilabının nəticələrindən on dəfə böyük ola bilər. Bununla belə, o, ciddi mənfi nəticələrin baş vermə ehtimalının sıfır olmadığını qeyd edib və süni intellektin inkişafı ilə bağlı risklərin azaldılması arasında “ağıllı orta yol” tapmağa çağırıb.
    Son aylarda süni intellekt sənayesinin nümayəndələri qabaqcıl modellərin imkanlarının sürətlə genişlənməsi ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər.

    Tənqidçilər isə bildirirlər ki, gələcəkdə yarana biləcək hipotetik təhlükələrə diqqət yetirməklə yanaşı, süni intellektin artıq mövcud olan problemləri – xüsusilə ekoloji təsirləri və dövlət tənzimlənməsinin zəruriliyini də nəzərdən qaçırmaq olmaz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR