Qatargate işi: Yunanıstan parlamenti keçmiş avrokomissarın toxunulmazlığını ləğv edib

Yunanıstan parlamenti Qətər rüşvət qalmaqalı kimi tanınan “Qatargate” işi çərçivəsində deputat və Avropa Komissiyasının keçmiş üzvü Dimitris Avramopulosun toxunulmazlığını ləğv edib.
“Politico”nun məlumatına görə, parlament Avramopulosun deputat toxunulmazlığının götürülməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.
Qərar Belçika hakimiyyətinin Avramopulos barəsində Avropa həbs orderi verməsindən sonra qəbul olunub. Order iyunun 21-də rəsmiləşdirilib. Belçika tərəfi keçmiş avrokomissarı cinayətkar təşkilatda iştirak, vəzifəli şəxsin rüşvətlə ələ alınması və çirkli pulların yuyulmasında ittiham edir.
Sənəddə Avramopulosun qanunsuz fəaliyyətdən təxminən 73 min avro maliyyə mənfəəti əldə etdiyi ilə bağlı iddia da yer alır.
İstintaq Avropa Parlamentinin keçmiş italiyalı deputatı Pyer Antonio Panzərinin təsis etdiyi “Fight Impunity” təşkilatının fəaliyyəti ilə bağlıdır. Avramopulos həmin təşkilatın idarə heyətinin fəxri üzvü olub. Qalmaqal başlayandan sonra isə təşkilatdan ayrılıb.
Belçika hakimiyyəti daha əvvəl Avramopulosu bir neçə dəfə dindirməyə çağırıb. Lakin o, çağırışlara getməyib. İyun ayında həbs orderi verildikdən sonra Avramopulos Yunanıstanın Ali Məhkəməsinə müraciət edərək orderin icrasının qarşısının alınmasını istəyib və onun hüquqi əsaslarını şübhə altına alıb. Məhkəmə bu müraciəti rədd edib.
Sentyabrın 17-də hazırlanmış hüquqi sənəddə isə Avramopulos özü Yunanıstan parlamentini onun toxunulmazlığını ləğv etməyə çağırıb. O bildirib ki, bununla istintaqın davam etdirilməsi mümkün olacaq.
Keçmiş avrokomissar eyni zamanda Belçika hakimiyyətinin araşdırdığı qanunsuz əməllərlə heç bir əlaqəsinin olmadığını bəyan edib.
Parlamentin qərarından sonra Avramopulos bildirib ki, Belçika istintaq orqanlarının qarşısına çıxacaq. Onun sözlərinə görə, dindirmənin tarixi müəyyənləşdirildikdən sonra Belçikaya gedəcək.
Avramopulos ilkin çağırışlara təxminən bir il əvvəl getmədiyinə görə təəssüfləndiyini də deyib. O hesab edir ki, həmin vaxt ifadə versəydi, hazırkı həbs orderinin verilməsinə ehtiyac yaranmazdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.