Süni intellektin səhvi az qala ABŞ-Çin qarşıdurmasına səbəb olacaqdı

ABŞ ordusu süni intellektin köməyi ilə hazırlanmış səhv kəşfiyyat hesabatına əsasən Çin gəmisinə qarşı hərbi əməliyyat keçirməyə hazırlaşıb.
CNN-ə danışan ABŞ rəsmilərinin sözlərinə görə, hadisə bu ilin yazında, ABŞ və İsrailin İrana qarşı intensiv hərbi hücumları fonunda baş verib.
İddiaya görə, ABŞ ordusunda yayılan kəşfiyyat hesabatında Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin İranın nüvə silahı proqramında istifadə olunması ehtimal edilən komponentlər daşıdığı bildirilib.
Məlumata əsasən, bu qiymətləndirmədən sonra ABŞ ordusu gəmini hərbi yolla ələ keçirmək üçün əməliyyat hazırlığına başlayıb.
Əməliyyata az müddət qalmış isə rəsmilər hesabatın yenidən və daha ətraflı araşdırılmasını tələb ediblər. Araşdırma zamanı sənədin süni intellektin köməyi ilə hazırlandığı müəyyənləşib.
Bildirilir ki, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən istifadə olunan çatbot gəminin yükünü səhv müəyyən edib.
ABŞ mənbələrindən biri hadisəni “az qala müharibəyə gətirib çıxaran” ciddi kəşfiyyat səhvi kimi xarakterizə edib.
Onun sözlərinə görə, Çin gəmisinə qarşı hərbi əməliyyat ABŞ və Çin arasında silahlı münaqişə riskini artırmışdı.
Gəminin real yükünün nədən ibarət olduğu açıqlanmayıb. Pentaqon isə hadisə ilə bağlı açıqlama verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.