Ayı təhlükəsi: Rusiyanın şəhərlərindən birində axşam saatlarında küçəyə çıxmaq qadağan edildi

Rusiyanın İrkutsk vilayətində yerləşən Baykalsk şəhərində qəhvəyi ayıların yaratdığı təhlükə ilə əlaqədar sakinlər və turistlər üçün yeni məhdudiyyətlər qüvvəyə minib.
Şəhər administrasiyasının məlumatına əsasən, saat 19:00-dan sonra küçələrdə, parklarda və meşəlik ərazilərdə olmaq qadağandır.
Bundan başqa, meşələrə girişə tam məhdudiyyət qoyulub. Sakinlərin göbələk və giləmeyvə toplamaq üçün şəhərdən kənara çıxmasına da icazə verilmir.
Ev heyvanlarının gəzdirilməsi üçün də xüsusi qaydalar tətbiq edilib. Heyvanlar yalnız gündüz saatlarında və şəhər daxilində gəzdirilə bilər.
Qeyd olunub ki, ev heyvanlarının meşəlik ərazilərdə və şəhər kənarında gəzdirilməsi qəti şəkildə qadağandır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.