AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa və Kanada ABŞ-la gərginlik fonunda əlaqələri gücləndirir

  • + A
  • - A
  • Bu gün, 22:31

    Fransa və Kanada ABŞ-la gərginlik fonunda əlaqələri gücləndirir


    Fransa və Kanada ABŞ-la gərginlik fonunda əlaqələri gücləndirir
    Fransa və Kanada ABŞ-la münasibətlərdə artan gərginlik fonunda ikitərəfli əlaqələri daha da gücləndirmək barədə razılığa gəlib.
    Fransa Prezidenti Emmanuel Makron Kanadanın Baş naziri Mark Karni ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Fransa və Kanada “iki böyük müstəqil ölkə olaraq bu statusu qorumaq istəyir”.
    İkitərəfli sammit Kanadanın Atlantik okeanı sahillərində yerləşən və Fransaya məxsus Sen-Pyer və Mikelon adalarında keçirilib.
    Mark Karni Fransa və Avropa İttifaqı ilə əlaqələrin əhəmiyyətli dərəcədə gücləndirilməsinin vaxtının çatdığını deyib. Onun sözləri Kanadanın Avropa İttifaqı ilə münasibətlərinin yeni mərhələyə keçməsi istiqamətində müzakirələrdən sonra səslənib. Avropa Komissiyası Kanadaya Aİ-nin “assosiativ üzvü” statusunun verilməsini təklif edib.

    Emmanuel Makron isə Paris və Ottavanın balıqçılıq, regional təhlükəsizlik və enerji infrastrukturu da daxil olmaqla bir sıra strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə çalışacağını açıqlayıb.
    Tərəflər ikitərəfli gündəmlə yanaşı, süni intellekt sahəsində də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Mark Karni Fransa, Kanada, ABŞ və Çinin iştirakı ilə süni intellektin inkişafı və tənzimlənməsi üzrə dördtərəfli əməkdaşlıq formatının yaradılmasını təklif edib.

    Görüş ABŞ Prezidenti Donald Trampın Kanadaya qarşı tətbiq etdiyi tariflər, Ottavadan iqtisadi güzəştlər tələb etməsi və Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı açıqlamaları fonunda keçirilib. Bu proses Kanadanın ABŞ-dan iqtisadi asılılığını azaltmaq və Avropa ilə iqtisadi, müdafiə və siyasi əlaqələri genişləndirmək səylərini artırıb.
    Makron bildirib ki, Fransa-Kanada danışıqları iqtisadi və müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Fransa Prezidenti, həmçinin Kanadanın enerji resursları baxımından Avropa üçün mühüm tərəfdaş ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Kanada kritik minerallar və nadir torpaq elementləri ilə yanaşı, böyük neft və təbii qaz ehtiyatlarına malikdir.
    Paris Avropanın Atlantik sahillərinə əlavə mayeləşdirilmiş təbii qaz tədarükünün təmin olunmasına imkan verəcək sazişlərin imzalanmasında maraqlıdır.

    Kanada Baş nazirinin ofisindən verilən məlumata görə, tərəflər aviasiya və kosmik sənaye, energetika, kritik mineralların hasilatı, kvant hesablamaları, peyk sistemləri və superkompüterlər kimi qabaqcıl texnologiyalar sahəsində tərəfdaşlığın dərinləşdirilməsini də müzakirə ediblər.

    Görüş ABŞ-ın Qrenlandiya ilə bağlı yeni razılaşmasının elanından qısa müddət sonra baş tutub. Razılaşma adada ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsini nəzərdə tutur, eyni zamanda Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunmasını təsdiqləyir.

    Emmanuel Makron razılaşmanı müsbət qiymətləndirərək bildirib ki, Danimarkanın suverenliyinin və beynəlxalq hüququn qorunması gərginliyin azaldılmasına xidmət edən amillərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR